Azərbaycan
Prezidenti İlham Əliyev Kolumbiya Senatının ikinci
konstitusional komitəsinin sədrinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı xanım Alexandra Moreno Pirakivenin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin güclü tərəfdaşlıq əlaqələrinə çevrildiyini məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğunu deyən dövlət başçısı bu əlaqələrin iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə kömək edəcəyinə ümidvar olduğunu bildirdi. İkitərəfli münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəyinə əminliyini ifadə etdi. Kolumbiya Parlamentinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı ilə bağlı qəbul etdiyi qərarın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı qəbul olunan qərara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya dövlətinə və xalqına, Kolumbiya parlamentinə və şəxsən xanım Alexandra Moreno Pirakiveyə minnətdarlığını bildirdi.
Kolumbiya Senatının komitə sədri xanım Alexandra Moreno Pirakive Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, ölkəsinin Azərbaycanda baş verən inkişaf proseslərini yaxından izlədiyini dedi. Kolumbiyalı qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu dedi. Kolumbiyanın iqtisadi inkişafı, investisiya imkanlarından danışan xanım Alexandra Moreno Pirakive ölkələrimiz arasında mövcud dostluq əlaqələrini siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi.
Azərbaycan xalqının böyük tarixə, zəngin mədəniyyətə malik olan Kolumbiya xalqına dost münasibət bəslədiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri iqtisadi və mədəni əməkdaşlıq sahələrində daha da möhkəmləndirməyin zəruriliyini qeyd etdi. Kolumbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Dövlət başçısı Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə xanım Alexandra Moreno Pirakivenin Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görüldüyünü dedi və mükafatı qonağa təqdim etdi.
Xanım Alexandra Moreno Pirakive Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 3 iyul.- S. 1.