Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Konstitusiya Məhkəməsinin sədrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançevi qəbul etmişdir.

İki il bundan əvvəl ölkəmizə səfər etdiyini xatırlayan Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Yevgeni Tançev Azərbaycanda keçirilən "Evrovision" mahnı müsabiqəsinin və Krans Montana Forumunun beynəlxalq əhəmiyyətini vurğuladı.

Dövlət başçısı ölkəmizin əldə etdiyi nailiyyətləri dünyaya göstərmək üçün bu cür beynəlxalq müsabiqə və forumların önəmini qeyd etdi, gələcəkdə belə beynəlxalq tədbirlərin mütəmadi olaraq keçiriləcəyini dedi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən Konstitusiya məhkəmələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 1.