Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Monteneqronun Baş nazirində böyük maraq doğurmuşdur

 

 Monteneqronun Baş naziri İqor Lukşiç iyulun 17-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur.

Qonağa məlumat verilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabələr, evlər, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədərki dövrü əhatə edən qayaüstü rəsmlər, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.

Elektroavtobuslarla qoruğun ərazisini gəzən Monteneqronun Baş nazirinə məlumat verilmişdir ki, burada Əntiq Əşyalar Muzeyi yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan muzeydə uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilmiş və hər dəfə də böyük maraqla qarşılanmışdır. Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir.

Qonağa Qala abidə kompleksi haqqında da məlumat verilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Kompleksə daxil olan X-XIV əsrlərə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədi ilə istifadə olunmuş X-XIV əsrlərə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.

Monteneqronun Baş nazirinin diqqətinə çatdırılmışdır ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycanın ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanmış və bərpa olunmuşdur.

Məlumat verilmişdir ki, qoruğun ətrafı abadlaşdırılmış, ərazidə 170 min ağac və bəzək kolu əkilmişdir. Buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazi tullantılardan təmizlənərək abadlaşdırılmışdır. Parkın ərazisində uşaqların maraqlı istirahəti üçün əyləncə meydançası istifadəyə verilmişdir.

Monteneqronun Baş naziri İqor Lukşiçə xatirə hədiyyəsi təqdim edilmişdir.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Monteneqronun Baş nazirində böyük maraq doğurmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 3.