Meksika Konqresinin
Deputatlar Palatasının sədri Azərbaycana səfərə
gəlmişdir
Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse iyulun 17-də Azərbaycana səfərə gəlmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Oskar Arseni Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Oskar Arse hava limanında jurnalistlərə müsahibəsində demişdir ki, səfərin məqsədi Azərbaycanın və Meksikanın qanunverici orqanları arasında əlaqələrin və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparmaqdır.
Oskar Arse bildirmişdir ki, Meksika Konqresinin Deputatlar Palatası və Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, eləcə də Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etməklə Azərbaycan xalqının yanında olduğunu bir daha göstərmişdir. O vurğulamışdır ki, Meksika Azərbaycanın bütün siyasi addımlarını dəstəkləyir.
Deputatlar Palatasının sədri, həmçinin qeyd etmişdir ki, Meksika neft-qaz sahəsində böyük təcrübəsi olan Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.
Səfər çərçivəsində O.Arsenin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 18 iyul.- S. 3.