Milli Məclisin 2012-ci ilin
yaz və növbədənkənar
sessiyaları uğurlu keçib
İyulun 17-də Milli Məclisdə 2012-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin müvafiq komitələrinin sədrləri iştirak ediblər.
Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirib ki, parlament
2012-ci il yaz və
növbədənkənar sessiyaları dövründə Azərbaycan
Konstitusiyası və daxili nizamnaməyə
uyğun olaraq üzərinə
düşən vəzifələri layiqincə yerinə yetirib. Ümumiyyətlə, 2012-ci il dünyada gedən
mürəkkəb və ziddiyyətli proseslər fonunda ölkəmiz üçün
düşərli olub. Belə
ki, cari ilin əvvəlində ölkəmiz planetin ən nüfuzlu
beynəlxalq qurumlarından sayılan Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə
başlayıb, may ayında təşkilata
sədrlik edib. Aprel ayında isə Milli Məclisdə Avronest Parlament Assambleyasının II sessiyası
keçirilib.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
ölkənin inkişaf
strategiyasının Prezident
İlham Əliyev tərəfindən məqsədyönlü
davamı dünyadakı
qlobal böhran şəraitində ölkə
iqtisadiyyatındakı dinamik
inkişafı saxlamağa
imkan yaradıb. Məhz milli
maraqlara xidmət edən dövlət siyasətinin yeridilməsi
sayəsində Azərbaycan
bu gün sivilizasiyaların anlaşdığı
və mədəniyyətlərin
qovuşduğu bir məkana çevrilib.
Bahar Muradova qeyd edib ki,
bunu cari ilin may ayında Bakıda böyük uğurla keçirilmiş
möhtəşəm "Eurovision" Avropa mahnı müsabiqəsi bir daha təsdiqləyib. Bu müddət ərzində
Azərbaycana qarşı
əks təbliğat
aparan qüvvələrin məkrli
niyyətləri isə
puç oldu.
Milli Məclis
Sədrinin müavini vurğulayıb ki, ölkəmizin bu uğurlara imza atmasına Milli Məclis də öz töhfəsini verib. Parlamentin 2012-ci il yaz və
növbədənkənar sessiyaları
dövründə Milli
Məclisin 13 iclası
keçirilib, 128 qanun
və qərar qəbul olunub. Bu sənədlər ölkə başçısı
tərəfindən aparılan
islahatların hüquqi
bazasının daha da möhkəmləndirilməsinə
və təkmilləşdirilməsinə
xidmət edib. Yaz sessiyasında (1
fevral-29 may 2012-ci il) 11
iclas keçirilib, 85 qanun və qərar
qəbul olunub, növbədənkənar sessiyada
isə (1 iyun-29 iyun
2012-ci il) 2 iclas olub, 43 qanun və qərar qəbul edilib.
Yaz və növbədənkənar
sessiyalar ərzində
Milli Məclis komitələrinin 68 iclası
keçirilib, 157 qanun
və 8 qərar layihəsinə baxılıb.
Bütövlükdə komitələrdə 184 məsələ müzakirə
olunub. Bahar Muradova diqqətə
çatdırıb ki,
parlament yaz və növbədənkənar
sessiyaları dövründə
demokratiya, plüralizm,
qanunun aliliyi prinsiplərinə əsaslanaraq
qanunvericilik səlahiyyətini
tam həcmdə yerinə
yetirib. Qanunverici orqanun fəaliyyətinin
əsas istiqamətləri
hüquq, dünyəvi,
demokratik dövlət
quruculuğu prosesinin davam etdirilməsi, ölkədə aparılan
islahatların qanunvericilik
bazasının təkmilləşdirilməsi,
parlament diplomatiyası
coğrafiyasının genişləndirilməsi
olub.
Vitse-spiker qeyd edib ki,
Milli Məclis dünyada baş verən prosesləri diqqətlə izləyib, lazım gəldikdə ölkənin milli maraqları ilə bağlı məsələlərə
öz münasibətini
bildirib, qərarlar qəbul edib. Yaz və növbədənkənar
sessiyalar dövründə
qanunverici orqanda Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə bağlı, Xocalı soyqırımının 20 illiyi,
Şuşa şəhərinin
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğal edilməsinin
20 illiyi ilə əlaqədar qərarlar və müraciətlər
qəbul edilib. Parlamentdə insan hüquq və azadlıqlarının qorunması,
demokratiyanın daha da inkişafı və ölkənin siyasi sisteminin təkmilləşdirilməsi istiqamətində
iş davam etdirilib. Milli Məclisdə İnsan hüquqları üzrə
müvəkkilin (ombudsmanın)
illik məruzəsi haqqında qərar, "Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında"
qanun qəbul olunub, Seçki Məcəlləsinə, "Konstitusiya
Məhkəməsi haqqında",
"İctimai televiziya
və radio yayımı
haqqında", "Həmkarlar
İttifaqları haqqında",
"Siyasi partiyalar haqqında" qanunlara dəyişiklik edilib. "Siyasi partiyalar haqqında" qanuna edilmiş dəyişikliklərdə
partiyaların dövlət büdcəsindən maliyyələşməsi
məsələləri öz əksini tapıb. Bahar Muradovanın sözlərinə görə, bu
dövrdə hüquqi sahəyə aid bir sıra qanunlar qəbul
edilib.
İqtisadiyyata
aid qəbul olunmuş qanunvericilik aktları bu sahədə
qanunvericiliyin daha da təkmilləşdirilməsinə və
ölkəmizin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə
xidmət edib. Ötən
dövrdə qəbul olunmuş mühüm əhəmiyyətli
sənədlərdən biri Şəhərsalma və Tikinti
Məcəlləsi olub. Sənəd Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin texniki yardımı ilə Milli Məclisdə
hazırlanıb. Həmişə olduğu kimi, yaz
sessiyası dövründə sosial məsələlər də
parlamentin diqqət mərkəzində olub. Milli Məclis bir
sıra rayonların inzibati ərazi bölgüsündə dəyişiklik
edib, qəsəbələrin adlarında dəqiqləşmələr
aparıb: "Yaz və növbədənkənar sessiyalar
dövründə bir sıra beynəlxalq sənədlər
parlamentdə müzakirə olunaraq qəbul olunub. Milli Məclisin
nümayəndə heyətləri bir sıra xarici ölkələrdə
rəsmi səfərlərdə olub, beynəlxalq təşkilatların
işində yaxından iştirak ediblər. Parlamentin beynəlxalq
əlaqələrinin inkişafında xarici ölkələrin
qanunvericilik orqanları ilə dostluq qrupları mühüm
rol oynayır. Hazırda Milli Məclisdə dünyanın 70-dən
çox ölkəsi ilə dostluq qrupu yaradılıb".
Bahar
Muradova qeyd edib ki, ötən ilə nisbətən vətəndaşların
Milli Məclisə etdikləri şikayətlərin sayı
azalıb. Onun sözlərinə görə, 2012-ci ilin birinci
yarısında parlamentə vətəndaşlardan 2312 təklif,
ərizə və şikayət daxil olub, Milli Məclisdə
2201 vətəndaş qəbul edilib.
Milli Məclis
Sədrinin müavini onu da diqqətə çatdırıb
ki, ATƏT PA-nın Monakoda keçirilən sammitində
qurumun 2014-cü ilin yay sessiyasının Bakıda
keçirilməsi haqqında qərar qəbul olunub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 18 iyul.- S. 3.