Naxçıvan Muxtar Respublikası Ali Məclisində
görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ilə görüşmüşdür.
Ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırması münasibətilə səfiri təbrik edən Ali Məclisin Sədri onun İran İslam Respublikasının Azərbaycan ilə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə münasibətlərinin inkişafındakı xidmətlərini vurğulamışdır. Vasif Talıbov səfirin diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı əlaqələrin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının İranın qonşu vilayətləri ilə əlaqələrinin möhkəmləndirilməsində İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğunun xidmətlərini qeyd edərək demişdir ki, qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişafı ölkələrimizin və xalqlarımızın rifahına xidmət edir.
Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin "İran bizə dost, qardaş ölkədir" fikrini xatırlatmış, münasibətlərin bundan sonra da dostluq və qardaşlıq müstəvisində inkişaf edəcəyinə inamını ifadə etmişdir.
Səmimi görüşə və xoş münasibətə görə minnətdarlıq edən Məhəmmədbağır Bəhrami ölkələrimiz arasındakı əlaqələrin məmnunluq doğurduğunu vurğulamış, bu əlaqələrin gələcək inkişafı üçün öz səyini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İran İslam
Respublikasının Naxçıvandakı baş
konsulu Məhəmmədtağı Məhəmmədəli
görüşdə iştirak etmişdir.
Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.