Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
cari ilin birinci yarısını uğurla
başa vurmuşdur
İyulun 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin birinci yarısının yekunlarına dair kollegiya iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikamızda aparılan uğurlu neft siyasətinin qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu demişdir.
Ə.Abbasov bildirmişdir ki, ölkəmizin iqtisadi inkişafında qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) müstəsna yeri vardır. Göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunmuş və 2012-ci ilin birinci yarısında müsbət nəticələr əldə edilmişdir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin sayına görə, MDB dövlətləri arasında birinci yerdədir.
Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov cari ilin ötən 6 ayında rabitə və informasiya texnologiyaları sektorunda əldə olunan nəticələr barəsində məruzə etmişdir. Bildirilmişdir ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artaraq 673,74 milyon manat olmuşdur ki, bunun da təxminən 74,3 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.
"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin gedişi haqqında geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ötən 6 ayda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi davam etdirilmiş, noyabrın sonuna istismara tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulmuşdur. Peykin test prosesləri may ayında başlayacaqdır. Bu dövrdə ölkəmizin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması üzrə tender elan olunmuş və hazırda tenderdə iştirak etmiş şirkətlərin təklifləri nəzərdən keçirilir.
Kollegiya iclasında genişzolaqlı internet və elektron xidmətlərin tətbiqi ilə bağlı məruzələr dinlənilmişdir.
Məruzələr ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasına yekun vuran nazir Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu"nun strukturunun formalaşdırılması, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının İKT üzrə bölməsinin hazırlanması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmsal televiziya yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
Kollegiya iclasının sonunda bu ilin may
ayında Bakıda keçirilmiş
"Eurovision-2012" mahnı müsabiqəsinin
iştirakçılarına və qonaqlara
keyfiyyətli və dayanıqlı rabitə xidmətlərinin
göstərilməsində fərqlənən müəssisələrə
və əməkdaşlara mükafatlar təqdim
olunmuşdur.
Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.