Kubanın Azərbaycandakı səfiri Marselo Kaballero Torresin diplomatik fəaliyyəti başa çatmışdır

 

İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torres ilə görüşmüşdür.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov Azərbaycan-Kuba münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edərək ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfirə minnətdarlığını bildirmişdir.

Səfir isə Azərbaycanda işlədiyi dövrdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın qurulduğunu, münasibətlərin daha da genişləndirilməsi və inkişafı naminə fəaliyyət göstərdiyini vurğulamışdır. Diplomat faydalı əməkdaşlığa görə minnətdarlığını  ifadə etmişdir.

Nazir kubalı diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.