Bakıda “Ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda
konfrans keçirilmişdir
İyulun
17-də Bakıda "Ənənəvi mediadan onlayn mediaya
keçid" mövzusunda konfrans keçirilmişdir.
Avropa
Şurası, Avropa İttifaqı, Azərbaycan Mətbuat
Şurası, ATƏT-in Bakı Ofisi və Böyük
Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi
ilə keçirilən konfransın əsas məqsədi ənənəvi
və onlayn media sahəsində beynəlxalq təcrübəni
bölüşmək olmuşdur.
Konfransı
açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun
Amaşov belə tədbirlərin müntəzəm olaraq
keçirilməsinin medianın inkişafına təkan
verdiyini bildirmişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda
40 gündəlik, 200 həftəlik qəzet, 14 regional və
kabel televiziyası, 30-dan çox provayder və bir sıra
portallar fəaliyyət göstərir.
Onlayn
medianın inkişafı üçün mühüm tədbirlərin
görüldüyünün vurğulandığı tədbirdə
bir milyondan artıq Azərbaycan vətəndaşının
"Facebook", "Twitter" kimi sosial şəbəkələrdən
istifadə etdiyi diqqətə
çatdırılmışdır.
Tədbirdə
çıxış edən Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev ənənəvi
KİV-lərə dəstək verilməsinin, eləcə də
elektron mediaya diqqət yetirilməsinin əhəmiyyətini
vurğulamışdır. Prezident Administrasiyasının rəsmisi
demişdir ki, Azərbaycanda söz, məlumat azadlığının
təmin edilməsinə, mətbuatın müstəqilliyinin
artırılmasına böyük diqqət göstərilir.
Bu məsələlərin müzakirəsi Azərbaycanda mətbuatın
daha da inkişafına, media-cəmiyyət, media-dövlət
münasibətlərinin tənzimlənməsinə və
KİV-lərin sərbəst fəaliyyətinə müsbət
təsir göstərəcəkdir.
Avropa
Şurasının Azərbaycandakı nümayəndəliyinin
siyasi məsələlər üzrə müşaviri Andrey
Valentinov müasir demokratik cəmiyyətlərdə KİV-lərin
rolundan, fikir və söz azadlığının əhəmiyyətindən
danışmışdır.
ATƏT-in
Bakı ofisinin rəhbəri Koray Tarqay isə
çıxışında belə tədbirlərin
keçirilməsinin ölkədə KİV-lərin daha da
inkişafına kömək edəcəyini bildirmişdir.
Avropa
Şurasının baş katibinin Azərbaycandakı
xüsusi nümayəndəsi Konstantin Yerokostopulos və
Böyük Britaniyanın ölkəmizdəki səfiri Piter
Beytman isə bu cür tədbirlərin medianın
inkişafı istiqamətində təcrübə mübadiləsi
baxımından əhəmiyyətini vurğulamışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.