Argentina KİV-ləri: Azərbaycanla Buenos-Ayresin əlaqələrinin genişlənməsi erməniləri təşvişə salır

 

 AzərTAc xəbər verir ki, Argentinanın Clarin.com internet nəşrində Marselo Kantellinin "Azərbaycanla münasibətlər erməniləri təşvişə salır" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə qeyd edilir ki, Argentinanın xarici işlər naziri bu il üç dəfə Azərbaycan Prezidenti ilə görüşmüş, Ermənistana isə bu cür münasibət göstərməmişdir.

Məqalədə deyilir: "Ermənilərin dünyada beş iri icmasından biri olan Argentina erməni icması bu gün nifrət, heyrət və qorxu hissləri yaşayır. Bu, Kassa Rosadanın (Argentina Prezidenti Administrasiyasının) Azərbaycanla sıx əlaqələr yaratmağa başlaması ilə bağlıdır".

Argentina hökuməti özünün bu niyyətini yeni bazarlar açmaq arzusu ilə əsaslandırır. Lakin söhbət ondan gedir ki, Qafqazın neftlə zəngin olan, yaxın vaxtlarda Argentinanın ticarət məsələləri üzrə katibi Gilyermo Morenonunxarici işlər naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş bu ölkəsi Ermənistanla müharibə vəziyyətindədir. 1994-cü ildə atəşkəs haqqında əldə edilmiş saziş keçmiş SSRİ-nin bu iki respublikası arasında müharibəni dondurmuşdur.

Məqalədə Ermənistanın Argentinadakı səfiri Vahanq Melikyanın sözləri sitat gətirilir. Səfir qeyd edir ki, Argentinanın xarici işlər naziri son dörd ayda Nyu-Yorkda və Bakıda üç dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür, lakin Ermənistana münasibətdə nazir bu cür qarşılıqlı münasibət göstərməmişdir. Səfir demişdir: "Mənim ölkəm Azərbaycandan bir saatlıq məsafədədir".

Məqalədə qeyd edilir ki, Ermənistanın Argentinadakı səfirliyinin ehtimalına görə, Azərbaycanın xarici işlər nazirinin Buenos-Ayresə səfəri gözlənilir, lakin Argentina hökuməti erməniləri daha da əsəbiləşdirmək üçün bu məlumatı təsdiq etmir.

Məqalə müəllifi yazır ki, Argentina XİN başçısı Ermənistana sonuncu dəfə 2010-cu ilin may ayında səfər etmişdir. Bundan sonra aşağı səviyyəli iki səfər olmuşdur - keçən ilin sentyabr ayında Argentinanın xarici işlər nazirinin müavini və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndəsi Ermənistanda olmuşlar.

Məqalənin tam mətni ilə  httr://www.clarin.com/rolitica/Preocuracion-armenios-vinculos-Azerbaijan_0_737326348.html saytında tanış ola bilərsiniz.

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 4.