Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibətilə fətva vermişdir

 

 İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) mübarək Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik etmiş, bu müqəddəs ayın əhəmiyyətindən danışmışdır. O, insanların Ramazan ayında xeyirli əməllərlə məşğul olmasının vacibliyini vurğulamış və şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

A.Paşazadə Azərbaycanda dövlət və din arasında möhkəm birliyin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyevin bu ənənəni uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, akademik Vasim Məmmədəliyev və digər çıxış edənlər də  insanın mənəvi saflığı üçün orucluğun əhəmiyyətindən söhbət açmışlar. Vurğulanmışdır ki, Azərbaycanda dini tədbirlərin, mərasimlərin keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Sonra QMİ-nin Qazılar Şurasının mübarək Ramazan ayının başlanması münasibətilə fətvası oxunmuşdur.

Fətvada bildirilir ki, mübarək Ramazan ayının ilk günü bu il iyulun 21-nə təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Təzə ayın görünməsindən asılı olaraq, Ramazan bayramı miladi təqvimi ilə avqustun 19-na və ya 20-nə düşəcəkdir. Uca Allah bu mübarək ayda insanlara daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün imkan yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir.

Fətvada deyilir ki, QMİ Ramazan orucunu tutanlara kömək məqsədi ilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlamışdır. Müsəlmanlara Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanmış, elmə əsaslanan, milli-mənəvi birliyimizə xidmət edən bu cədvələ riayət etmək tövsiyə edilir. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, imamlara, axundlara həvalə olunur.

Diqqətə çatdırılır ki, müqəddəs Ramazan ayında uca Allahdan işğal edilmiş torpaqlarımızın azad olunması üçün dualar edir və Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirik. Xalqımızın xoş gələcəyi, müstəqilliyimizin daha da möhkəmlənməsi uğrunda səy göstərən Prezident İlham Əliyev başda olmaqla hər birimizin ülvi niyyətlərinin yerinə yetməsini Allah-Təala bizlərə nəsib etsin.

Fətvanın sonunda deyilir ki, qoy Allah məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərindən hər birimizə nəsib etsin, orucumuzu, ibadət və dualarımızı qəbul etsin!

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 5.