Avropa İttifaqının tolerantlığa, demokratik islahatlara və müasirləşməyə sadiq olan Azərbaycana ehtiyacı var

 

 Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətində əsas yerlərdən birini tutur. Bunu əsas prioritetlərdən biri kimi müəyyənləşdirən və uğurla reallaşdıran Bakı hazırda dünyanın siyasi arenasında ağır çəkisi olan Qərb dövlətləri ilə yanaşı, avratlantik strukturlarla əlaqələrin genişləndirilməsi yönündə də ciddi uğurlara imza atmaqdadır. Azərbaycanın Avropa dövlətlərini birləşdirən Avropa Şurası, ATƏT kimi təşkilatlarla əlaqələri dinamik inkişaf etmiş, qarşılıqlı münasibətləri bəzi sahələrdə strateji müstəviyə qaldıran əməkdaşlıq tellərinin əsası qoyulmuşdur.

Azərbaycanın Avropanın ən mötəbər təşkilatlarından sayılan Avropa İttifaqı (Aİ) ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir. Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə möhkəmlənmiş, münasibətlərə yeni çalarlar gətirmişdir. 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Aİ-Azərbaycan əlaqələrinin hüquqi bazasını təşkil edir. Bu Saziş əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmləri təmin etməklə Azərbaycanla Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Sənəd siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.

Aİ Şurasının Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında 14 iyun 2004-cü il tarixli qərarı isə ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələnin əsasını qoymuşdur.

2006-cı ilin noyabrında Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilmişdir. Beləliklə, daha əvvəl Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənən Azərbaycan-Aİ münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində Azərbaycan-Aİ Fəaliyyət Planı ilə müəyyən olunmuşdur.

Azərbaycanla Aİ arasında tərəfdaşlığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təşkil edir. Məlum olduğu kimi, enerji təhlükəsizliyi son vaxtlarda dünyanı və xüsusən Aİ-nı düşündürən ən vacib məsələlərdən biridir. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrinə yeni impuls verib. Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2006-cı il tarixində Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" ölkəmizlə Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

Göründüyü kimi, Azərbaycanla Aİ arasında əməkdaşlığın geniş bazası var. Bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana etdiyi rəsmi səfər göstərdi ki, Aİ ilə Azərbaycan əlaqələri son illərdə bütün sahələr üzrə yalnız yüksələn xətlə inkişaf edib və iki tərəf arasında mükəmməl siyasi və iqtisadi dialoq mövcuddur.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə Aİ ilə Azərbaycan arasında əlaqələrin geniş gündəliyi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı danışıqlar aparıldı. Eləcə də Avropa İttifaqı Şurası Prezidentinin bu səfərinin Azərbaycan-Aİ əlaqələrinə yeni töhfələr verəcəyi qeyd edildi. Bu görüşlər həm də hər iki tərəfin əlaqələrinin daha da dərinləşdirilməsində maraqlı olduğunu ortaya qoydu.

Görüşlərdə əsas müzakirə mövzularından biri siyasi proseslər oldu. Mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycan siyasi islahatlar və demokratik inkişaf siyasətinə sadiqdir. Biz qanunun aliliyinin möhkəmləndirilməsi, siyasi azadlıqlar və insan hüquqlarının müdafiəsi sahəsində işlər aparırıq. Hesab edirəm ki, Azərbaycan müstəqillik illərində mühüm inkişafa nail olub. Azərbaycanda bütün əsas azadlıqlar - din azadlığı, toplaşmaq azadlığı, mətbuat azadlığı təmin olunub, azad internet vardır. Əlbəttə ki, Azərbaycan ilə Avropa təsisatları arasında mövcud münasibətlər bu baxımdan davam edəcək və bizə Avropanın bu sahədə əldə etdiyi müsbət təcrübəni tətbiq etməyə imkan yaradacaqdır".

Hər bir dövlətin və cəmiyyətin inkişafı demokratiya və insan hüquqlarının hansı formada təsbit olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Başqa cür ifadə etsək, demokratik dünyanın qəbul etdiyi dəyərlər olmadan inkişafı təsəvvür etmək qeyri-mümkündür. Çünki bütövlükdə demokratik dəyərlər bir-biri ilə üzvi surətdə bağlı olan və nəticə etibarilə hər bir cəmiyətin inkşafını şərtləndirən amillərdir. Fərəhlə qeyd etməliyik ki, demokratik inkişaf yolunu seçən ölkəmiz bu istiqamətdə böyük uğurlara imza atıb. Xüsusən son illərdə Azərbaycanın iqtisadi inkişafı cəmiyyətimizdə demokratik dəyərlərin daha dərindən kök salması ilə müşahidə olunur. Dünyəvi dövlət olan Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi, dünyaya nümunə olan tolerantlığın daha da inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Bakıda mətbuata bəyanatla çıxışında bununla bağlı söylədiyi fikirlər olduqca maraqlıdır: "Azərbaycan dünyəvi cəmiyyətdir və sizin müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyiniz müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır".

Görüşlərdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb, erməni silahlı qüvvələrinin təkcə Dağlıq Qarabağı deyil, həmçinin onun inzibati sərhədlərinə daxil olmayan digər yeddi rayonu işğal altında saxladığı bir daha diqqətə çatdırılıb. Öz növbəsində, Herman Van Rompuy bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi əsas prioritet olaraq qalmalıdır.

Qeyd etdiyimiz kimi, Azərbaycanla Aİ arasında əlaqələrin əsas istiqamətini enerji əməkdaşlığı təşkil edir. Hələ bir neçə il əvvəl Qərbin siyasi analitikləri və iqtisadçıları bildirirdilər ki, bu əməkdaşlıq Aİ-nın enerji təhlükəsizliyini daha da gücləndirəcək, ittifaqın enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər hövzəsindən nəql olunan neft-qaz daha böyük rol oynayacaqdır. Məlum olduğu kimi, Azərbaycan qazı artıq neçə vaxtdır ki, Aİ üzvü olan bəzi ölkələrə ixrac olunur.

Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının ikitərəfli əlaqələrin mühüm müsbət ölçüsü kimi sürətlə inkişaf etdiyini deyən Herman Van Rompuyun sözlərinə görə, "Cənub" qaz dəhlizi və "Transxəzər" kəməri ilə bağlı davam edən danışıqlar Azərbaycan və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir.

Əlbəttə, Azərbaycanla Aİ arasında əlaqələri genişləndirmək və şaxələndirmək üçün böyük potensial var. Bu barədə Aİ Şurası prezidentinin Bakıya səfəri zamanı ətraflı müzakirələr aparıldı. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, siyasi əməkdaşlıq, regional təhlükəsizlik, regional inkişaf müstəvisində də çoxlu planlarımız vardır". Təbii ki, bu gün Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Bu mənada, Aİ Şurası prezidentinin ölkəmizə rəsmi səfəri bu əlaqələrin inkişafına yeni töhfələr verəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 5.