Orta əsrlərdən başlanan yol

 

Azadə Rüstəmova - 80

 

 Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azadə Rüstəmova Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olub. Ədəbi fəaliyyətinin əsas istiqamətini orta əsrlər ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiq və təhlili təşkil edirdi. Fəaliyyətini orta əsrlər ədəbi mühitinin tədqiqinə bağlayan bu unudulmaz alim klassik şeirimizdə obraz və xarakterləri təhlil etmiş, ədəbiyyatşünaslıqda nisbətən az öyrənilmiş, ya da heç öyrənilməmiş məqamların açılmasına xüsusi diqqət yetirmiş, poeziyamızın metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini, folklor ənənələrini mükəmməl araşdırıb. 300-ə yaxın məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olan bu görkəmli alim əsasən klassik Azərbaycan poeziyasının nümayəndələri haqqında dəyərli tədqiqatlar aparmışdır. "Azərbaycan epik şeirinin inkişaf yolları", "Əsrlərin addımları", "Fələki Şirvani", "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası", "Məhəmməd Füzuli", "Mütəfəkkir Mövlanə Füzuli", "Nizaminin poeziya sələfləri", "Mövlanə Cəlaləddin Rumi" kitabları ədəbi ictimaiyyətin yaxşı tanıdığı dəyərli tədqiqatlardır.

Azadə Rüstəmova 1932-ci il iyulun 18-də Bakıda anadan olub. 132 saylı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. Universiteti fərqlənmə diplomu ilə bitirən Azadə Rüstəmova Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Bu barədə öz xatirələrində yazırdı: "XX əsrin görkəmli şərqşünas alimi Y.E.Bertelsin aspirantı idik. Qəzənfər Əliyev, mən və bir də uzun müddət Azərbaycan radiosunda fars dilindən baş tərcüməçi vəzifəsində çalışan Tamara Əliyevaya bu böyük alimin son üç aspirantı olmaq xoşbəxtliyi nəsib olmuşdu. Mən müdafiə edib Bakıya qayıtdım". Azadə Rüstəmova Y.E.Bertelsinin rəhbərliyi altında Füzulinin "Leyli və Məcnun" poeması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Vətənə döndükdən sonra Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışdı. Orta əsrlər Azərbaycan ədəbiyyatı, sonra Nizamişünaslıq şöbələrinə uzun müddət rəhbərlik edən Azadə Rüstəmova 1991-ci ildən Orta əsrlər şöbəsində baş elmi işçi oldu. Onun tədqiqatının əsas obyekti klassik Azərbaycan şeirinin tarixi-nəzəri problemlərinin tədqiqi idi. Müəllifin "Nizami Gəncəvi" kitabçası Azərbaycan, rus, ingilis və fars dillərində dəfələrlə nəşr edilib.

Çoxcəhətli yaradıcılığa malik olan Azadə xanımın tədqiqatları əsasən mənəvi dünənimizə bugünün işığında nəzər salmaqdan ibarət idi. Onun yaradıcılığı müxtəlif mövzuların şərhindən keçirdi. Məsələn, "Azərbaycan ən qədim və erkən orta yüzilliklərdə", "Azərbaycan rezonans ədəbiyyatı", "XIII-XIV yüzilliklərdəki Azərbaycan ədəbiyyatına baxış", "Milli bədii fikrimizin XV-XVI əsərlər mərhələsi", "Azərbaycan ədəbiyyatı XVII-XVIII əsrlərdə". Öz tədqiqatlarında yüzilliklərin arxasından boylanan ədəbi proseslərin inkişaf qanunauyğunluqlarını, poetik özəlliklərini ümummüsəlman mədəniyyəti işığında təhlil və tədqiqini qarşısına məqsəd qoyan Azadə Rüstəmova həm də klassikə münasibətdə yol verilən neqativ məqamları da aşkarlayırdı. Bu araşdırma ilə əlaqədar Azadə xanım maraqlı və məntiqli fikir yürüdürdü: "Sevindirici haldır ki, bu gün klassik irsimizə yeni təfəkkür işığında mümkün qədər obyektiv nüfuz üçün geniş imkanlar açılmışdır. Tədqiqatçıların bu yönümdə maraqlı işləri var. Lakin bu gün klassiklərimizin öyrənilməsində bütövlüyə xələl gətirmənin də meydan alacağı məni narahat edir. Klassik Şərq, o sıradan Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin yaradıcılığında yalnız islam faktoru, təriqətçilik, sufi simvolikasının komponentlərini görmək və tədqiqatlarda vurğunu məhz bu nisbətə vurmaq da deyərdim ki, vulqar materialist təhlil üslubu kimi elmilikdən uzaqdır".

Böyük alim öz fikrində haqlı idi. Əlbəttə, bizim klassiklərimiz islam faktorundan da, sufi təfəkkür tərzindən də gərəyincə bəhrələniblər. Lakin onların böyük əksəriyyəti qatı dindar, mövhumatçı din təbliğatçısı olmamış, dinə də, dinin müqəddəs qanunlarına da və alimin təbirincə desək, Yer, kainat və təbiət həqiqətlərindən təcrid edilmiş halda yanaşmamışlar. Təəsüsf ki, uzun illər sovet rejimində yaşadığımızdan sənətkarlarımızın yaradıcılığında önəmli yer tutan islam faktoruna, sufizm ideyalarına tam elmi obyektivlik göstərilməmiş, bəzi hallarda da klassiklərimizin dünyagörüşünün əsasını təşkil edən bu ideoloji təsisatlardan təcrid halda yanaşılmışdır. Ona görə də bu görkəmli şərqşünas alim orta əsrlərdən başladığı bu tədqiqat yollarında həmişə həqiqətə sadiqliyi ilə seçilib.

Ötən əsrin 20-30-cu illərində klassik mədəni irsin bir çox nümayəndələrinə qarşı ədəbiyyatşünaslıqda inkarçı münasibət yaranmışdır. Quruluşun diktəsi nəticəsində Azərbaycanın bir sıra qələm sahibləri öz doğma kökündən, ədəbiyyat tarixindən qəsdən uzaqlaşdırılırdı. Bu cür münasibət bəzi alimlərin ürəyincə olmasa da, bəziləri üçün də fərq etmirdi. Təki ona dəyib toxunmasınlar. Özümüzdən uzaqlaşmağımızın sayəsində bir sıra həqiqətlərin üstünə pərdə çəkilirdi. Dövlət müstəqilliyimizin bərpasından sonra ədəbi keçmişimizə də münasibət kökündən dəyişildi. Bu günün işığında tarixin dərinliklərinə varmaq milli duyğu və düşüncələrə sahib olan Azadə Rüstəmovanın ürəyindən xəbər  verdi. Çünki o, ömrü boyu ədəbiyyat tariximizi araşdırmaqla məşğul idi. Qədim ortaq türk abidələrini öyrənmək, klassik Azərbaycan türkcəsi ilə onlar arasında əlaqələri arayıb üzə çıxarmaq Azadə xanım üçün vacibdən də vacib idi. O, həmişə bir məsələni uzaqgörənliklə qabardırdı. Bütün bunlar bir şərtlə həyata keçər ki, obyektiv həqiqətin üstündən xətt çəkməyəsən.

Azadə Rüstəmova yazırdı: "Ədəbi irsi ərəb, fars dilində bizə gəlib çatan, ancaq bütün ruhu, xisləti ilə öz soyuna - türk mənşəyinə bağlı, Azərbaycan türkü olan, şair və ədiblərimizi, filosof və irfan sahibi üləmalarımızı necə tariximizdən kənar etmək olar? Hələ onu demirəm ki, hər bir xalqın yaşadığı coğrafi və siyasi hüdudlarda min və yüzilliklər ərzində onun bu ərazidə yaşamış qədim əcdadları tərəfindən yaradılan və yadigar olaraq bu günə gəlib çatan mədəni sərvətlərə varis olmaq hüququ vardır".

Nizami Gəncəvinin, Xətib Təbrizinin, Şəhriyarın və digər yüzlərlə istedadlı sənətkarın ərəb və fars dillərində yazıb-yaratmaqları bu mütəfəkkirlərin ümummüsəlman mədəniyyətindəki xidmətlərini təsdiqləyir. Bu gün kim bilmir ki, orta əsrlərdən başlayaraq Azərbaycan islam mədəniyyəti orbitinə daxil olmuş və yüzilliklər boyu bu prosesin davamında iştirak etmişdir. Ona görə də mədəni keçmişimizin bu nümunələrinə həssaslıqla yanaşmaq gərəkdir. Azadə Rüstəmova bir şərqşünas alim kimi ədəbi keçmişimizin hansı səhifəsi haqqında qələmini işlədirdisə, öz təhlillərində, mülahizə və mühakimələrində həmişə elmi obyektivlik mövqeyindən çıxış etməyə çalışır, tarixi-poetik həqiqətlərə sadiq qalmağa can atırdı.

Həssas təbiətə, zərif bir ürəyə malik olan Azadə xanım, sözün əsl mənasında, vətəndaş, və ziyalı idi. Təvazökarlığına, obyektivliyinə görə həmkarları arasında hörmət və izzət qazanmışdı. Klassiklərimizin ictimai bədii fikir tarixinə bəxş etdiyi sənət möcüzələrini üzə çıxarmaq, incə zövqlü bir tədqiqatçı kimi onların yaradıcılıqlarının əsas xüsusiyyətlərini araşdırmaq, elmi təhlilə çəkmək alimin başlıca prinsipi idi. İstər ədəbi keçmişə dair araşdırmalarında, mülahizə və düşüncələrində, istərsə də şəxsiyyət və sənətlə bağlı qələmə aldığı yazılarında, rəy və xatirələrində həmişə ədəbiyyatımızın konseptual əhəmiyyətli problemləri ilə əlaqəli məsələlərə toxunurdu. Elmi-ədəbi fəaliyyətinin aparıcı yönümü ilə o, əsasən orta əsrlər şeirimizin görkəmli tədqiqatçılarından sayılırdı. Ədəbiyyat tariximizin ötən səhifələrinin qədim və möhtəşəm qatlarını araşdırmaq, bu çevrədə neçə-neçə yüksək dəyərli, səviyyəli əsərlər müəllifi kimi tanınan Azadə Rüstəmova ədəbiyyatımızın təkamül dinamikası və onun qanunauyğunluqlarının şərhi sahəsində fədakarlıqla çalışırdı. Mülahizə və mühakimələrində elmi obyektivliyi ilə seçilən bu alim xanım araşdırdığı bütün mövzuları ədəbi fəlsəfi, estetik ənənələrilə üzvi vəhdətdə təhlil süzgəcindən keçirərdi. Onun klassik irslə bağlı yazdığı əsərlərin mövzu dairəsi müxtəlifdir. Azadə Rüstəmova yalnız respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli şərqşünas alim kimi tanınırdı.

USESKO tərəfindən 1994-cü ildə böyük Azərbaycan şairi Füzulinin anadan olmasının 500 illik yubileyi keçirilirdi. Belə mərasimlərdən biri də Ankarada düzənləndi. Beynəlxalq simpoziumda məruzə ilə çıxış edən Azadə Rüstəmova dahi şairin yaradıcılığı ilə bağlı etdiyi məruzəsində Şərqin Füzuliyə qədərki humanist ideyalarının Füzuli şeirində yeni məna çaları ilə zənginləşdiyini elmi dəlillərlə şərh etdi. Əlbəttə, Füzuli haqqında dünya şərqşünaslığında çox yazılıb. Amma azərbaycanlı alim bir daha Füzulinin irfan dünyasında gəzişmələr apardı. O bildirdi ki, orta əsrlər türk dünyasında poeziyanın zirvəsini məhz Füzuli yaradıcılığı fəth etdi. Azadə Rüstəmovanın bu elmi məclisdəki məruzəsi dünya füzulişünaslarının diqqətini çəkdi. Bütün çıxışların sonunda azərbaycanlı xanıma minnətdarlıq səslənirdi. Çünki onun Füzuli ilə əlaqədar hazırladığı bu məruzə öz orijinallığı və yeniliyi ilə seçilirdi.

O, XX əsrdə dünyaya gəlmişdi. Ədəbi aləmə səyahətini isə orta əsrlərdən başladı. XXI əsrə qədər də amal və yaradıcılığına sədaqətlə xidmət etdi. Həmkarları söyləyirlər ki, çox zəhmətkeş, sənətinə bağlı, axtarışlardan doymayan bir alim idi. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin fikridir: "Bizdən fərqli olaraq Azadə xanımın araşdırmalarında, düşüncə və təhlillərində bir zəriflik vardı. Bu zərifliyin də özünəməxsus möcüzəsi ondan ibarət idi ki, alimin qətiyyətli dəlillərinə qəribə təsiredici bir qüvvə gətirirdi. Onun ən kəskin tənqidlərindən belə, incimək olmurdu. Çünki səsinin ahəngindəki səmimiyyət sözün həqiqətindən əvvəl sənin qəlbini ələ alırdı. İncimirdin. Bilirdin ki, Azadə xanım nə söyləyirsə, nəyə irad edirsə, ədəbiyyatın xeyrinədir. Ayrı-ayrı mövzular üzərində işləsək də, bizi bir cəhət birləşdirirdi - Azərbaycan poeziyasına, dilinə, ədəbiyyatına vurğunluq".

Həyatının sonuncu günlərini də elə bu əsrdə yaşadı. Ömrünün 80 illik büsatını görmədi. Kim bilir, həmkarları onu necə təbrik edəcəkdilər? Ünvanına hansı təltiflər qanadlanacaqdı. Amma orta əsrlərdən bugünümüzə kimi saldığı körpüdən keçən əsərləri, kitabları hələ də yol getməkdədir... Ölümsüzlük qazanmaq da hər kəsə qismət deyil.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 7.