The Japan Times qəzetində İRS-İsan jurnalının yapon dilində ilk nömrəsinin nəşrinə həsr olunmuş məqalə dərc edilmişdir

 

 "The Japan Times" qəzetində "İRS-İsan" jurnalının yapon dilində ilk nömrəsinin nəşrinə həsr olunmuş məqalə dərc edilmişdir. Məqalədə qeyd edilir ki, jurnal indiyədək çin, ingilis, fransız, alman, ispan, türk, ərəb, çex dillərində nəşr olunmuş, 70-dən çox ölkədə yayılmışdır.

Bildirilmişdir ki, jurnalın yapon dilində nəşri ilə əlaqədar iyulun 3-də Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən səfir G.İsmayılzadə jurnalın nəşrinin Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyini bildirmişdir. Səfir jurnalın yapon versiyasının Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların yaponiyalı oxucular arasında daha geniş yayılmasına kömək edəcəyini vurğulamışdır.

Tədbirdə həmçinin jurnalın redaktoru Musa Mərcanlı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Cavanşir Məmmədov çıxış edərək jurnalın Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyini vurğulamışlar.

M.Mərcanlı qeyd etmişdir ki, jurnalın yaponca nəşri xarici dillər sırasında sayca 11-cidir. Redaktor Yaponiyanın Yasunari Kavabata, Kobo Abe, Murakami, Haruki və Ryu kimi müəlliflərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini və Azərbaycanda populyar olduğunu diqqətə çatdırmışdır. O, yaponiyalı oxucuların jurnal vasitəsilə Azərbaycan haqqında ətraflı bilgilərə sahib olacaqlarına əminliyini ifadə etmişdir.

M.Mərcanlı nəşr edildiyi dillərdən asılı olaraq jurnalın mündəricatının dəyişdiyini bildirmişdir. Məsələn, yaponca nəşrdə Azərbaycanın XIII-XV əsrlərə aid memarlıq nümunələri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan qaya rəsmlərinə dair məqalələrə yer verilmişdir.

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycanda ilk səfiri, jurnalda dərc edilmiş "Yaponiya-Azərbaycan dostluq əlaqələri və perspektivlər" məqaləsinin müəllifi Tetsuya Hirose, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura Yaponiyanın Azərbaycanı bölgədə vacib tərəfdaşı hesab etdiyini vurğulamışlar. Natiqlər Yaponiyanın Azərbaycanın uğurlarına sevindiyini, müxtəlif sahələrdə əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu bildirmişlər.

Məqalədə yapon dilində nəşrə başlamış "İRS-İsan" jurnalının xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsinə öz töhfələrini verəcəyinə əminlik ifadə edilmişdir.

 

 

Vüqar AĞAYEV

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 7.