Azərbaycan Prezidenti İlham Əliyev Meksika Deputatlar Palatası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin son illər uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev bu sahədə əməkdaşlığı fəal şəkildə genişləndirməyin vacibliyini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmini vurğuladı. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirdi və minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquerin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunduğunu dedi və mükafatı ona təqdim etdi.
Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquer minnətdarlığını ifadə etdi.
Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaqua Azərbaycana qardaş ölkə kimi böyük önəm verdiklərini və ölkəmizlə əlaqələri bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməkdə maraqlı olduqlarını dedi.
Görüşdə ölkələrimizin iqtisadi, mədəni, təhsil və parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyul.- S. 1.