Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Silahlı Qüvvələri Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abratenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. İkitərəfli münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfərinin bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olacağına ümidvar olduğunu bildirdi.

İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrate Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, Əfqanıstandakı Beynəlxalq Sülhməramlı missiyanın tərkibində İtaliya hərbçilərinin Azərbaycanın sülhməramlıları ilə birlikdə uğurlu əməkdaşlığının  əhəmiyyətini qeyd etdi.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 1.