Azərbaycanın Xarici İşlər Nazirliyinin ölkəmizin işğal olunmuş ərazilərində qondarma prezident seçkilərinin keçirilməsi ilə bağlı bəyanatı

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizin işğal olunmuş ərazilərində cari il iyulun 19-da qondarma "prezident seçkiləri"nin keçirilməsi ilə bağlı bəyanat yaymışdır.

XİN-in mətbuat xidmətindən daxil olmuş bəyanatda bildirilir: "Erməni kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində bu il iyulun 19-da qondarma "prezident seçkiləri"nin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı bir daha təkrar edir ki, Ermənistan Respublikası Azərbaycanın ərazilərini işğal etmək və yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmaqla işğal edilmiş ərazilərdə qanunsuz rejim yaratmışdır. Qondarma "seçkilər" Ermənistanın işğal edilmiş ərazilərin anneksiya edilməsi və Azərbaycan ərazilərinin davam edən işğalının nəticələrini təşviq etmək məqsədi güdən siyasətini ört-basdır etmək məqsədi ilə keçirilir.

Yerli azərbaycanlı əhalinin iştirakı olmadan və Azərbaycan Respublikasının müvafiq strukturları tərəfindən lazımı icazə verilmədən bu cür addımın atılması Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.

Legitim seçkilərin keçirilməsi yalnız Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, işğal edilmiş ərazilərdən qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır.

Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlar əvəzinə öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bütün regionda davamlı sülh, təhlükəsizlik və inkişaf üçün yeni perspektivlər açmağa çağırır".

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 2.