YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir. Bu, birmənalı olaraq belədir

 

 Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Media forum" saytına müsahibəsi

 

 - Redaktorlar qəzet yayımı sahəsində ciddi problemlər olduğunu deyirlər. Mətbuat Şurasında redaktorlarla və yayım firmalarının rəhbərləri ilə görüşdünüz. Hökumət görüşdə qaldırılan problemlərin həlli üçün hansısa addımlar atıbmı?

- Qəzet satışı bir kommersiya fəaliyyətidir. Hökumət qəzet satışından çoxdan imtina edib, "Azərmətbuatyayımı", mətbuat yayımı ilə məşğul olan digər dövlət strukturları hamısı artıq özəlləşdirilib, kommersiya strukturudur, özəl əllərdədir. Hər bir firma daha çox qəzet satmaq, oradan faiz götürmək, daha çox gəlir əldə etmək istəyir. Redaktorlar isə istəyirlər ki, qəzetləri daha çox satılsın və buna uyğun da qazanc götürsünlər. Burada müvafiq olaraq qəzet satanlarla qəzeti satılanlar arasında bir kommersiya əlaqəsi var. Dövlət bu prosesdə yalnız dolayısı ilə iştirak edir. Dolayısı ilə iştirak nədir? Dövlət orqanlarının özləri də qəzet alıcısıdır. Eyni zamanda bəziləri özlərinin mətbu orqanını təsis ediblər, yəni həm də qəzet satıcısıdırlar. Həm məmurları vasitəsilə qəzet alıcısı, həm də bəzi qurumları vasitəsilə qəzet satıcısı olduğuna görə dövlət bu prosesdə dolayısı ilə iştirak edir.

Redaktorlarla görüşdə üç məsələ qaldırıldı. Birincisi, qəzetlərin maddi-texniki bazası və iqtisadi durumu haqda oldu. Dünya ölkələrində mətbuat orqanları daha çox reklamdan gəlir götürür, satışdan gələn gəlir onların ümumi dövriyyəsinin heç on faizini də təşkil etmir. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Satışdan olan qazanc qəzetlərin ümumi dövriyyəsinin doxsan faizini təşkil edir. On faiz isə reklam, elan və digər fəaliyyətlərinin payına düşür. Ona görə də diqqət daha çox satışın üzərinə yönəlib. Lakin belə olmamalıdır. Elə etmək lazımdır ki, gələcəkdə reklam bazarına yazılı media da daxil olsun, mütləq şəkildə onlar da reklam alsınlar. Açığını deyim ki, bu gün elektron KİV-lərin reklam vəziyyəti daha yaxşıdır, televiziyalar, internet saytları daha çox reklam əldə edə bilirlər. Ona görə də redaktorlarla görüşdə qaldırılan birinci məsələ bu idi. Yəni necə edək ki, qəzetlərə də reklam verilsin.

Gündəmə gətirilən ikinci məsələ yayımla, satışla bağlı oldu. Bu da təbiidir. Çünki qəzetlərin gəlirinin böyük bir hissəsi satışdan gələn qazanc hesabına formalaşır. Bundan başqa, dövlət, sosial və kommersiya reklamlarının bölüşdürülməsi məsələsini müzakirə etdik. Qaldırılan bütün məsələlər haqda dövlətin izahatları var. Vəziyyət pisdirsə, durumu yaxşılaşdırmaq olarsa, niyə bu, baş vermir, bu gün yaxşı deyilsə, onun da izahatları var. Amma bir məsələni qeyd edim ki, bu, formal görüş deyildi, görüş keçirmək xətrinə təşkil olunmamışdı. Görüşün məqsədi vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək mümkündürsə onu müzakirəyə çıxarmaq, reallaşdırmaq barədə fikir mübadiləsi aparmaq idi. Dövlət mətbuatın inkişafı ilə bağlı xüsusi konsepsiya qəbul edib, xüsusi fond yaradıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərə pis-yaxşı müəyyən yardım göstərir. Görüşdə yardımın miqdarının artırılması haqda təklif verildi. Əlbəttə, bunu etmək mümkündür, çünki indi Azərbaycanın hər bir şeyə imkanı var. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Dağlıq Qarabağ münaqişəsi istisna olunmaqla qalan bütün məsələləri həll etmək gücünə malikik. Dağlıq Qarabağ da ona görə istisna təşkil edir ki, bu gün problemin həlli daha çox bizim iradəmizdən asılı deyil. Bu gün Azərbaycan qarşısında, demək olar ki, həllolunmaz məsələ yoxdur. Ona görə mətbuata yardımı da artıra bilərik.

Qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi məsələsi də qaldırıldı. Bundan başqa, Azərbaycanda bu qədər mətbuat orqanının mövcudluğuna ehtiyac olmadığı, bəlkə qəzetləri hansısa formada təmərküzləşdirmək, bunun yolları barədə fikirlər səsləndirildi, məsələlər qaldırıldı. Bizim vəzifəmiz də qaldırılan məsələləri təhlil etmək, onların ictimai əhəmiyyətlilik dərəcəsini müəyyənləşdirmək və həlli üçün dövlətin, hökumətin imkanlarından, müvafiq mexanizmlərindən istifadə etməkdir.

- Bəzi redaktorlar isə hesab edirlər ki, mətbuatın problemlərinin, o cümlədən reklam məsələsinin həlli üçün siyasi qərara ehtiyac var. Çünki dövlət orqanları reklamları daha çox oxunan müstəqil və müxalif qəzetlərə vermirlər. Məsələlərin həlli üçün siyasi qərara ehtiyacın olması haqda deyilənlərlə razısınızmı? 

- Redaktorlarla görüşdə bu fikrə münasibət bildirdim və bununla razılaşmadığımı dedim. Əvvəla, dövlət orqanları reklamla məşğul olmur. Heç bir dövlət orqanı bu gün mətbuata reklam, elan vermir. Əgər dövlət strukturları reklam versəydi və qəzetlər arasında ayrı-seçkilik salsaydı, onda nədənsə şikayət etmək üçün əsas olardı. Belə bir hal olmadığına görə şikayət üçün də əsas yoxdur. Yalnız "Tender haqqında" qanunda bir müddəa var. Həmin müddəaya görə, dövlət tenderlərinin elanları, məlumatları rəsmi dövlət qəzetlərində dərc olunmalıdır. Görüş zamanı redaktorlar qanunun bu maddəsinə etirazlarını bildirdilər, dövlət elanlarının, o cümlədən tender elanlarının yalnız dövlət qəzetlərində deyil, özəl qəzetlərdə də dərc olunması üçün həmin müddəanın qanundan çıxarılması təklifini irəli sürdülər. Mən bu fikirlə tam razıyam. Hesab edirəm ki, bu qanunvericilik təşəbbüsü qarşıdakı dövrlərdə qaldırılacaq, biz bunun üzərində işləyəcəyik.

Dövlət reklamlarına gəlincə, bu məsələ də müzakirə olundu. Redaktorlar dedilər ki, dövlətin reklamı niyə yoxdur? Həqiqətən də dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə, Rusiyada, Avropanın əksər dövlətlərində sosial reklamlara dövlət büdcəsindən ayrıca maddə ilə vəsait ayrılır. Azərbaycanda bu yoxdur. Amma nazirliklərin, komitələrin, icra strukturlarının fəaliyyətinin hansısa şəkildə işıqlandırılması, marketinqi ilə bağlı onların büdcəsində az da olsa vəsait nəzərdə tutulur, müəyyən miqdar ayrılır. Görüşdə təklif irəli sürüldü ki, gələcəkdə dövlət başçısının təşəbbüsü, sərəncamı ilə dövlət idarə və müəssisələrinə büdcələrinin bir faizi miqdarında reklam öhdəliyi qoyulsun. Onlar büdcələrinin bir faizini əhali ilə təmasa, informasiyalarını yaymağa, fəaliyyətlərini reklam etməyə, müzakirələr aparmağa, təqdimatlar keçirməyə xərcləsinlər. Yəni bunun üçün pul ayırsınlar. Belə bir məsələ qaldırılıb, təklif irəli sürülüb. Əgər təklif irəli sürülübsə, deməli, onu müzakirə etmək mümkündür, bunun yeri var. Biz irəli sürülən hər bir təklifi müzakirə edəcəyik. Onların həyata keçirilməsinin mümkün olub-olmadığı müzakirələrin nəticəsində məlum olacaq.

- Mətbuat yayımı ilə məşğul olan "Qasid" firması var. Bakı Şəhər İcra Hakimiyyəti firmanın paytaxtın mərkəzi hissələrində olan köşklərini götürüb. "Qasid"in köşklərinin götürülməsini qəzet yayımı və satışına maneə sayırsınızmı? Bakı Şəhər İcra Hakimiyyəti yığışdırdığı köşklərin yerinə eyni sayda yenisini qoyurmu? Bu məsələni paytaxt meriyasının rəhbərliyi ilə müzakirə etmisinizmi?

- Biz Bakı Şəhər İcra Hakimiyyəti ilə bu məsələni araşdırdıq, hörmətli Hacıbala müəllimlə bunu müzakirə etdik. Əlbəttə, Bakı şəhərində qoyulan yeni köşklər gələcəkdə "Qasid"in köşklərinin alternatividir. Çünki bunlar yeni köşklərdir, daha imkanlıdır, gözəldir.

Amma Bakı şəhərində "Qasid"in hər hansı köşkü götürülməyib. Sadəcə olaraq, müəyyən qədər yeri dəyişdirilib, ola bilər ki, bir neçə metr kənara çəkilib. Belə hallar var. "Qasid"in köşkləri qalır. Yeni köşklər "Qasid"in köşkləri ilə bərabər fəaliyyət göstərir.

Redaktorlarla görüşdə belə fikirlər səsləndirildi ki, yeni köşklərdə başqa şeylər də satıldığına görə guya qəzet satışına daha az əhəmiyyət verilir. Məgər "Qasid"in köşklərində tək qəzet satılırdı? Orada da hər şey satılırdı. Görünür, insanların yeni köşklərdən qəzet almaq vərdişini yavaş-yavaş artırmaq lazımdır. Redaktorlarla görüşdən sonra belə bir qərara gəlmişik ki, paytaxtda yeni köşkləri idarə edən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin rəhbərliyi ilə qəzet redaktorlarının, yayım firmaları nümayəndələrinin görüşünü təşkil edək. Orada yayımın şərtləri, dinamikləşdirilməsi, bununla bağlı hansısa problemlər varsa, onların aradan qaldırılması və digər məsələlərə baxılsın. Yalnız bu deyil. Redaktorlarla görüşdə Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə qəzet köşklərinin yığışdırılmasından ciddi şikayət olundu. Bu məsələlər də yerli icra hakimiyyətlərinin rəhbərləri ilə müzakirə olunur. Gələcəkdə də belə müzakirələr olacaq. Biz qəzet köşklərinin və mətbuat yayımının bundan sonra da maneəsiz formada, amma şəhərin gözəlliyinə xələl gətirmədən, infrastrukturunu pozmadan fəaliyyət göstərməsinin tərəfdarıyıq və bunu təmin edəcəyik.

- Mətbuat Şurası təklifləri ümumiləşdirib Prezident Administrasiyasına göndərəcəyini açıqlamışdı. Administrasiyaya belə bir sənəd daxil olubmu?

- Mətbuat Şurası təkliflərini göndərib. Biz də həmin təklifləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə müvafiq olaraq bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanladıq. Hazırda onların rəyini gözləyirik. Təkliflərin hansını reallaşdırmaq olar, kimin vasitəsilə, yaxud həyata keçirmək olmazsa nəyə görə - bütün bu məsələlər araşdırılır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəylərini aldıqdan sonra bu haqda açıqlamalar verəcəyik.

- Əli müəllim, siyasi hakimiyyətin mətbuatdan əsas narazılığı nədir? Nədənsə mətbuatdan danışılanda daha çox qəzetlər nəzərdə tutulur. Hakimiyyət televiziyalardakı durumu necə qiymətləndirir?

- Biz Azərbaycanda heç nədən, o cümlədən öz fəaliyyətimizdən də axıradək razı deyilik. Həmişə deyirik ki, bizim də həll edə bilmədiyimiz məsələlər var. İctimaiyyətin də bizdən gözləntiləri mövcuddur. Televiziyalar, digər mətbuat orqanları nə qədər yaxşı işləsələr də, bizim onlardan umacaqlarımız, gözləntilərimiz var. Eyni zamanda cəmiyyətin, ictimaiyyətin gözləntiləri var.

Söhbət yazılı mediadan gedirsə, bizi ilk növbədə, daha çox narahat edən mətbuat orqanlarında qeyri-peşəkarların sayının hələ də üstünlük təşkil etməsidir. Jurnalist peşəsinə yiyələnən, sözün həqiqi mənasında, peşəkar jurnalist kimi fəaliyyət göstərmək imkanı, intellekti, hazırlığı, təcrübəsi olan insanlar yazılı media orqanlarında digərləri ilə müqayisədə hələ də azlıq təşkil edir. Biz gözləyirik ki, həm redaktorlarımız, həm də Mətbuat Şurası jurnalistlərimizin daha peşəkarlaşmasına xidmət göstərən addımlar atacaq. Ehtiyac olsa, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və dövlət də bu işə qoşula bilər. Bu işi tezliklə başa çatdırmalıyıq.

İkincisi, təəssüflər olsun ki, mətbuatımızda hələ də vətənpərvərlik hissini, hansı milləti, dövləti təmsil etdiyini unudan insanlar mövcuddur. Onlar bəzən peşəkar jurnalist fəaliyyətini icra edərkən dövlətin, millətin maraqlarını nəzərə almırlar, dövlətin, millətin maraqlarının təmin olunmasından vaz keçirlər, daha çox informasiya ehtiyacını əsas götürürlər, yaxud da oxucu qazanmaq, qəzetini daha çox satdırmaq üçün sensasion materiallar arxasınca qaçırlar. Bəzən belə hallarla da qarşılaşırıq və bu da təəssüf doğurur. Belə bir vəziyyət cəmiyyətlə, xalqla, dövlətlə, hakimiyyət orqanları və ziyalılarla mətbuat arasında qarşıdırmaya gətirib çıxarır. Hər bir jurnalist bu peşənin daşıyıcısı olmamışdan əvvəl bir xalqın, millətin təmsilçisidir. Sözün həqiqi mənasında, bu, nəzərə alınmalı, hər bir jurnalistin milli məni, milli mənsubiyyət hissi olmalıdır, dövlətinə, xalqına təəssübkeşliklə yanaşmalıdır. Bunlarsız mümkün deyil.

Digər tərəfdən isə, mətbuat orqanlarının çoxluğu peşəkarlaşmaya mənfi təsir göstərir. Mətbuat orqanlarının çoxluğu onların reketçiliyə yuvarlanmasına, qeyri-qanuni yollarla özlərini saxlamaq istiqamətində hərəkətlərinə rəvac verir. Bunlar da arzuolunan məsələ deyil.

Televiziyalarda bu proseslər bir qədər azdır. Amma televiziyalarımızın da peşəkarlaşması, tam şəkildə peşəkar kadrlarla təmin olunması üçün hələ çox çalışmaq lazımdır. Xüsusən də müasir dövrdə televiziya sahəsi transmilli fəaliyyətə çevrilib. Belə bir dövrdə informasiyanın təminatı, ötürülməsi, yayılması, operativliyin qorunması, peşəkarlığın saxlanması, milli dilin qorunması, adət-ənənələrə hörmətlə yanaşılması, musiqi və digər sahələrin televiziyalara kommersiya yolu ilə ayaq açdığını nəzərə alaraq milli dəyərlərin və kommersiya əhəmiyyəti az, amma milli əhəmiyyəti çox olan sahələrin inkişafının unudulmaması və digər çoxlu sayda məsələlər var ki, biz bunları televiziyalardan gözləyirik. Xüsusən də sosial müdafiəyə ehtiyacı olan kateqoriyaların, bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial sahənin problemlərinin qaldırılması, uşaqlar, qadınlar, əlillər, təqaüdçülər və sair kateqoriyadan olan insanların informasiya ehtiyacının ödənilməsi sahəsində televiziyalarımız hələ çox çalışmalıdırlar.  

- Qarşıdan Azərbaycan Mətbuat günü gəlir. Dövlətin bununla bağlı hansısa planları varmı? Bu il də jurnalistlərin təltif olunması gözlənilirmi?

- Tədbirlərə artıq start verilib. Bayramın qeyd olunmasına Həsən bəy Zərdabinin 170 illik yubiley tədbirləri ilə başladıq. Eyni zamanda Gəncədə yeni Mətbuat Evinin təməli qoyuldu. Bundan əlavə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ayın 22-də mətbuat gününün qeyd olunması üçün tədbir keçirəcək. Orada da müəyyən addımlar atılacaq.

Ölkə rəhbərinin jurnalistləri təltif etməsinə gəlincə, əgər olsa bunu hamımız görəcəyik. Mən bununla bağlı əvvəldən proqnoz verə bilmərəm. İndiyədək belə təltiflər olub, xeyli fərman, sərəncam imzalanıb. Hazırda jurnalistlər üçün ev inşa olunur. Yəqin ki, gələn il bu mənzillərin qapıları öz sahiblərinin üzünə açılacaq. Digər işlər də həyata keçirilir. Nə olacaq, bu günlərdə hamısının şahidi olacaqsınız.

- QHT rəhbərləri və baş redaktorlarla görüşləriniz oldu. Bunu hakimiyyətin ölkədə yeni bir dövrü başlatması və uzun illərdir gündəmdən düşməyən dialoq prosesinin başlanğıcı saymaq olarmı?

- Mən mətbuatı izləyirəm, buna fərqli rakurslardan yanaşanlar, fərqli münasibət var. Düzdür, bizim opponentlərimiz yenə də ənənələrinə sadiq qalaraq bu görüşlərin mahiyyətini təhrif etməyə, əhəmiyyətini azaltmağa cəhd göstərirlər. Bəziləri iddia edir ki, guya bunlar görüntü yaratmaq xətrinə keçirilən görüşlərdir, digərləri isə görüşlərin beynəlxalq aləmi aldatmaq üçün keçirildiyini söyləyir.

Amma kimin necə qiymət verməsindən asılı olmayaraq, hakimiyyət Azərbaycanı vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmir. Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib. Vətəndaş cəmiyyəti institutları Azərbaycan vətəndaşlarının təşəbbüsləri üzərində qurulub. Vətəndaşların təşəbbüsləri dövlətin, xalqın iradəsinin formalaşmasında iştirak edən komponentlərdən biridir. Burada vətəndaş varsa, dövlət də var. Vətəndaşın marağı təmsil olunursa, iradəsi varsa, deməli, dövlət də orada iştirak etməlidir. Cənab Prezident dəfələrlə bəyan edib ki, dövlətin vətəndaş cəmiyyəti institutları ilə əlaqələri olmalıdır, vətəndaş cəmiyyəti qəbul edilən proqram, qərar və layihələrdə iştirak etməlidir, hesabatlılıq məsələsində vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin olunmalıdır, dövlət idarəçiliyinin şəffaflaşdırılmasında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq qurulmalıdır. Bunlarsız cəmiyyətin mövcudluğu mümkün deyil. Deməli, biz onlarla görüşləri tezləşdirməliyik.

Ona görə də görüş bizim üçün yenilik deyil. Sadəcə olaraq, QHT-lərlə ayrıca bir görüş keçirmək, dialoq aparmaq, onların istək və arzularını dinləmək, bundan sonrakı dövr üçün nə düşündüklərini, dövlət siyasətini necə qiymətləndirdiklərini, özlərinin fəaliyyətini necə dəyərləndirdiklərini dinləmək birbaşa 2012-ci ilin təşəbbüsü idi. Bu təşəbbüsü Prezident İlham Əliyev irəli sürmüşdü. Dövlət başçısının təşəbbüsünün nəticəsi olaraq mən QHT-lərlə ayrıca bir görüş keçirdim.

Hamı bilsin ki, bu görüş nəticəsiz qalmayacaq. Hazırda Azərbaycanın 2020-ci ilədək sosial-iqtisadi inkişafının yeni strategiyası hazırlanır. Gələcək inkişafımızda, bu strategiyanın hazırlanmasında da QHT-lərin təkliflərini, bəzi təşəbbüslərini mütləq nəzərə alacağıq. İnkişaf strategiyası bir dəfə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə müzakirə olunub. Belə bir müzakirə yenidən təşkil ediləcək. Biz istəyirik ki, Azərbaycandakı bütün proseslərdə QHT-lər iştirak etsin.

- Dialoq hansı formada davam etdiriləcək? Müxalifətlə görüş keçirəcəksinizmi?

- QHT-ləri müxalifət-iqtidar düşərgəsinə ayırmaq olmaz. Mən onları başqa cür təsnif edərdim. Konstruktiv vətəndaş təşəbbüslərini obyektiv şəkildə reallaşdıran QHT-lər və qeyri-konstruktiv, dağıdıcı meyilləri dəstəkləyən, dövlətin, cəmiyyətin inkişafına daha çox mənfi təsir edən QHT-lər var. Ona görə də QHT-ləri iqtidar-müxalifət düşərgəsinə bölməkdənsə, onları daha çox vahid platforma və amallar ətrafında səfərbər etmək cəhdlərinə dəstək veririk, buna müsbət yanaşırıq.

Biz hakimiyyət olaraq QHT-ləri nəyə səfərbər etmək istəyirik? Azərbaycan dövlətinin maraqlarına, onun təmin olunmasına, ölkənin daxili və xarici problemlərini ictimai müzakirəyə çıxarıb onların həlli yollarının tapılmasına, Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında onların iştirakına, ölkənin xarici siyasətinin reallaşmasında əlavə resurs kimi bunlardan istifadə olunmasına, vətəndaşların təşəbbüsləri kimi dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində onların iştirakının təmin olunmasına.

Təəssüflər olsun ki, müxalifət QHT-lər məsələsinə fərqli yanaşır, bəzən bu təşkilatları özlərinin hakimiyyətə gəlmək uğrunda apardıqları mübarizəyə qoşmağa cəhdlər edir. Amma QHT-lər qeyri-siyasi təşkilatlardır. Ona görə də onlar üçün cəmiyyətdə fəaliyyətin meyarı onun ictimai əhəmiyyətliliyi, dəyəri və vətəndaşların arzularına xidmət etməsi ilə ölçülməlidir. Düşərgəsindən asılı olmayaraq, QHT-lər məşğul olduqları fəaliyyətin ictimai əhəmiyyətini, dəyərini əsas götürməlidir. Fəaliyyətin başlıca meyarı bu olmalıdır.

- Müxalifətlə, xüsusən də parlamentdə təmsil olunmayan partiyalarla görüş nəzərdə tutulubmu?

- Bu, ikinci məsələdir. Əlbəttə, payızda siyasi partiyalarla da görüş keçirəcəm. Biz siyasi partiyaları da parlament və qeyri-parlament təsnifatı üzrə bölmürük. Qanunda dövlət qeydiyyatından keçmiş siyasi partiyalar məfhumu var. Siyasi fəaliyyətinə görə partiyalar qruplaşdırılır, sağçı, solcu, mərkəzçi, radikal, konstruktiv, dialoqa meyilli, yaxud dağıdıcı kimi təsnifatlar verilir. Bunlar siyasi anlamda aparılan bölgülərdir, amma qanunda öz əksini tapmayıb. Hakimiyyət olaraq bizim üçün siyasi partiyaların hər biri hakimiyyətə can atan, bunun uğrunda mübarizə aparan, fərqli düşünən insanları öz ətrafına toplayaraq siyasi fəaliyyət həyata keçirən institutlardır. Bu institutlarla əməkdaşlıq da, dialoq da hakimiyyətin əsas vəzifələrindən biridir.

Nəyə görə hakimiyyətin vəzifələrindən biridir? Çünki onlar hakimiyyətə iddialı olduqlarına görə cəmiyyətin həyatında iştirak edən institutlardır, deməli, Azərbaycan səviyyəsində ictimaiyyətin maraqlarını bu və ya digər dərəcədə təmsil edən institutlardır. Onların mövcud vəziyyəti, gələcəklə bağlı planları, fəaliyyətlərinin qanunauyğunluğu, insanların arzu və ehtiyaclarını nəzərə alıb-almamaları hakimiyyət üçün əhəmiyyət kəsb edir. Ona görə də mən bir bəyanat vermişəm və gələcəkdə onlarla bir görüş keçirəcəm.

Görüşün predmeti, orada müzakirə edəcəyimiz mövzular haqda əvvəldən heç bir şərt irəli sürməyə, açıqlamalar verməyə ehtiyac yoxdur. Siyasi partiya mövcuddursa, deməli, onun fəaliyyəti var. Fəaliyyət olan yerdə isə istiqamətlər olur və bunu yaxşı, yaxud da pis kimi təsnif etmək mümkündür.

QHT-lərlə görüş necə oldu? Görüş başlanan kimi mən dedim ki, burada edilən çıxışların, irəli sürülən təkliflərin əksəriyyətini biz qeydə alırıq, yekunda isə onlar ümumiləşdiriləcək, müvafiq dövlət qurumları ilə müzakirə olunacaq və həmin təkliflərdən hansıların həyata keçirilməsinin mümkün, hansılarının qeyri-mümkün olduğu aydınlaşacaq. Bundan sonra isə fəaliyyətə başlayacağıq. Belə də oldu. Biz həmin təklifləri ümumiləşdirdik və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərdik. Bu icra orqanları həmin təkliflərə rəy bildirəcək, onların hansının həyata keçirilib-keçirilmədiyi bəlli olacaq və biz gələcək planlarımızda bunlardan istifadə edəcəyik. Görüşün kağız üzərində qalmaması üçün, görüş xətrinə keçirilmədiyini göstərmək üçün belə etdik. Nəticələr haqda görüşdə iştirak edənlərə və mətbuata məlumat verəcəyik.

Əgər bu görüşlər ölkə başçısının təşəbbüsü ilə keçirilirsə, onların istək və arzuları dinlənirsə və gələcək dövlət siyasətində, proqramlarında bunların nəzərə alınması iradəsi ortadadırsa, deməli, bu görüşlər lazımdır, zəruridir və ondan cəmiyyət yalnız xeyir görür.

- İctimai Palata və orada təmsil olunan partiyalarla da görüş olacaqmı?

- Bir daha demək istəyirəm ki, biz QHT-lərlə görüşə istisnasız olaraq bütün təşkilatları dəvət etdik. Düzdür, ora gəlmək istəməyən bəzi şəxslər sonradan mətbuatda çıxış edib bildirdilər ki, biz görüşə dəvət olunmamışdıq. Yalnız bir təşkilatın - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ölkədə olmadığına görə görüşə dəvət olunmamışdı. Onu da axtarmışdılar, amma burada olmadığına görə tapmamışdılar. Yerdə qalan bütün QHT-lər istisnasız olaraq həmin tədbirə dəvət almışdı, o cümlədən Eldar Namazovun Ziyalılar Forumu adlanan təşkilatı və digərləri. Amma görüşə qatılmadılar.

Bəzilərinin nəyə görə belə etdiyini anlayıram. Çünki onların indiyədək dəfələrlə qaldırdığı və heç bir mahiyyət kəsb etməyən, əsassız, yalnız cəmiyyəti çaşdırmağa yönəlmiş məsələlər orada ifşa olunacaqdı. Onlar iddia edirlər ki, guya hakimiyyət dialoqdan qaçır, QHT-ləri dinləmək istəmir, cəmiyyətdəki fərqli fikirlərə biganə yanaşır. Bu uydurma tezislər orada ifşa olunub iflasa uğrayacaqdı. Görüş açıq-aşkar dialoq idi, hər bir insan orada fikrini sərbəst formada söyləyə bilərdi. Gəlmədilər, özləri bilərlər.

Hesab edirəm ki, siyasi partiyalarla görüşə də istisnasız olaraq bütün partiyalar dəvət olunacaq. Hər bir partiyanın nəyə, hansı səviyyəyə qadir olduğunu, hansı meyli nümayiş etdirdiyini orada görəcəyik.

- Görüşlərin Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini bildirdiniz. Nəticələr dövlət başçısına məruzə olunurmu?

- Mütləq məruzə olunacaq. Keçirilən görüşlərdə verilən təkliflər mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə müzakirə edildikdən sonra təkliflər ümumiləşdirilmiş formada, ictimai mahiyyət kəsb edən, ictimailəşmiş problemlər haqda olanları mütləq şəkildə ölkə başçısına məruzə olunacaq. Eyni zamanda gələcək dövlət siyasətinin formalaşdırılmasında, ölkə əhəmiyyətli proqramların tərtibatında, Azərbaycanın dövlət idarəçiliyinin bütün sahələrində müvafiq təkliflər nəzərə alınacaq.

- Bütün bunların nəticəsi olaraq hakimiyyət hansı addımları atmağı planlaşdırır?

- Əlbəttə, siyasətdə proqnozlaşdırma aparmaq mühüm bir amildir. Amma belə tədbirlərə əvvəlcədən qiymət vermək sonrakı dövrdə onun mahiyyətini bir qədər təhrif edə bilər. İndi yalnız onu deyə bilərəm ki, təkliflərin heç biri nəzərdən qaçmayacaq, ümumiləşdiriləcək, ictimai əhəmiyyəti olanlar qəbul ediləcək.

- Nazirlər Kabinetinin sonuncu müşavirəsində Prezident İlham Əliyev müxalifəti sərt formada tənqid etdi, onlarla bağlı kəskin fikirlər səsləndirdi. Prezidentin fikirlərini və ona verilən reaksiyaları necə qiymətləndirirsiniz? Sizcə, müşavirədə deyilənlər sizin apardığınız dialoq prosesinə mane ola bilərmi?

- Əvvəla, onu deyim ki, cənab Prezidentin fikirləri bütün müxalifətə aid deyildi. Həmin sözlər antiazərbaycan mövqeyində dayanan qüvvələrə aid idi. Onların adı da orada çox gözəl bir sətirlə keçib. Hesab edirəm ki, bu, cənab Prezident tərəfindən, sözün həqiqi mənasında, milli maraqlardan, milli mənafedən və Azərbaycan xalqının milli tələbatından çıxış edərək səsləndirilmiş fikirlərdir.

Mayın 31-də QHT-lərin toplantısında mən də buna oxşar fikirlər səsləndirmişdim. Ona görə də mən cənab Prezidentin fikirlərini tam dəstəkləyirəm. Mən orada demişdim ki, bəzi rəzil müxalifət ünsürləri - ola bilər ki, bəlkə mən bir az daha yumşaq demişdim, müşavirədə səsləndirilən fikir daha sərt idi - Dağlıq Qarabağ, Xocalı kimi milli problemlərimizi bir kənara atdılar, baxmayaraq ki, belə problemlərdən əziyyət çəkən insanlar arasında onların öz qohum-əqrəbası da var, amma xaricdən gələnləri aparıb daha çox mikrorayonlardakı qeyri-abad yerləri göstərdilər ki, bəs Bakının hər yeri abad, gözəl deyil. Yaxud da bir milyon qaçqın və köçkünün hüquqlarını tamamilə bir qırağa atıb hansısa konkret şəxsin hüquqlarını ictimailəşdirərək dünyanın diqqətinə çatdırmağa, Azərbaycanı biabır etməyə çalışırdılar.

Xalq gəzintisi adı ilə bulvara çıxıb özlərini yerə atıb qışqırırdılar ki, müxaliflər, xaricilər bunları çəksinlər. Yəni guya bunları döyürlər, təqib edirlər. Həmin fikri cənab Prezidentdən qabaq bizim ziyalılar və QHT təmsilçiləri səsləndirmişdi. Onlar bu tipli insanları ifşa etmişdilər, fəaliyyətlərinin antiazərbaycan mahiyyəti daşıdığını qeyd etmişdilər. Cənab Prezident bunları ümumiləşdirdi, cəmiyyətdən gələn fikirləri bir daha müşavirədə səsləndirdi.

Həmin fikirlər bütün müxalifətə, QHT-lərə, alternativ fikir daşıyıcılarının hamısına aid deyil. Bu fikirlərin kimlərə ünvanlandığını həmin şəxslər özləri də yaxşı bilirlər və buna cavab da veriblər.

- Ölkədə alternativ fikrə ehtiyac varmı? Siyasəti formalaşdırarkən və idarəçilik prosesində "hər şeyin doğrusunu iqtidar deyir və edir" prinsipini əsas götürürsünüz, yoxsa "alternativ fikirləri də dinləmək lazımdır" prinsipini? Hakimiyyətin bununla bağlı mövqeyi necədir?

- Obyektiv alternativ fikrə bütün dövrlərdə ehtiyac olub. Hətta peyğəmbərimizin də alternativ fikrə ehtiyacı olub və o, həmişə bundan istifadə edib. Xüsusən də peyğəmbərimiz öz fəaliyyətini qiymətləndirmək üçün kənar baxışlardan istifadə edib. Alternativ fikir olmayan cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Biz Azərbaycanda alternativ fikrin olmasının, çoxfikirliliyin, bütün məsələlərə müxtəlif rakurslardan yanaşılmasının tərəfdarıyıq. Yetər ki, bu fərqlifikirlilik və digər məsələlər obyektiv olsun, ictimai mahiyyət kəsb etsin, ayrı-ayrı şəxslərin ambisiyalarına deyil, ictimai maraqlara söykənsin və onun dəyər meyarı da ictimai maraqlar olsun.

- Amma reallıq sizin dediyinizdən fərqlidir. Azərbaycanda dövlət televiziyası və dövlətdən maliyyələşən qəzetlər var. Bu mətbuat orqanlarında bir qayda olaraq hakimiyyətin mövqeyi işıqlandırılır, bir dəfə də olsun alternativ fikrə rast gəlmək mümkün deyil. O cümlədən hakimiyyətə yaxınlığı sirr olmayan özəl televiziyalarda alternativ fikir yoxdur. Əgər hakimiyyət alternativ fikri vacib sayırsa, niyə dövlətdən maliyyələşən KİV-lərdə və özəl televiziyalarda həmin fikrə yer verilmir?

- Mən sizin dediklərinizlə razılaşa bilmərəm. Çünki alternativ fikir yalnız müxalif fikir deyil. Əgər alternativ fikrin göstəricisi kimi Azərbaycanda konkret olaraq yalnız hansısa radikal müxalifət partiyasının sədrinin fikrini götürsək, onda yanılarıq. Əlbəttə, bu da alternativ fikirdir, amma alternativ fikir yalnız hansısa müxalif fikirdən ibarət deyil. Cəmiyyətdə olan insanların sayı qədər də fikir var. Bəzən bu fikir sahibləri qruplaşıb partiya yaradırlar, bəziləri bir araya gəlib QHT və ya cəmiyyət təsis edir. Lakin onların da hamısı eyni cür düşünmür, fərqli fikirlər olur.

Məgər "Yeni Azərbaycan", "Xalq qəzeti", "Yeni Müsavat", "Azərbaycan" qəzetlərində çıxış edən insanların hamısı eyni cür düşünürlər, məsələlər haqda eyni formada yazırlar? Hətta bəzən "Azadlıq" qəzeti "Azərbaycan" qəzetindən sitat verir. Yazırlar ki, bu gün "Azərbaycan" qəzeti yol-nəqliyyat işçilərini yıxıb-sürüyüb. Məgər bu, alternativ fikir deyil? Yaxud AzTV-də təşkil olunan "dəyirmi masa"larda, bu kanalın "Həftə" proqramında və başqa verilişlərində politoloqlar iştirak edir, hər biri bir məsələ haqda fikir söyləyir, fərqli şərhlər verirlər. Məgər onların hamısı əvvəlcədən hazırlanmış eyni fikirləri söyləyirlər? Əlbəttə, yox. İctimai Televiziyanın "dəyirmi masa"larında, özəl televiziyaların müxtəlif verilişlərində səsləndirilənlərin hamısı alternativ fikirdir.

Əgər biz bu verilişlərdə mitinqlərdə səsləndirilən kimi radikal, dağıdıcı fikir eşitmiriksə, bu o demək deyil ki, televiziyalarda alternativ fikir yoxdur. Belə radikal və dağıdıcı fikirlər mitinqlərdə olur. Məgər Rusiyanın televiziyalarında elə radikal çıxışlar var? Türkiyə televiziyalarında var? Hansı ölkədə var? Hamısında daha çox konstruktiv, ictimai mahiyyət kəsb edən, ümumiləşmiş fikirlər mətbuata, o cümlədən televiziyaya çıxarılır. Bizdə də belədir.

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qəzet yoxdur. Bir neçə qurumun, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin sahə qəzetləri var və daha çox əsgərlər üçün nəzərdə tutulub. Bundan başqa, müəllimlər üçün nəzərdə tutulan "Azərbaycan müəllimi" qəzeti mövcuddur. Bunlar heç, onları bir kənara qoyuram. Dövlət qəzeti deyəndə dövlətin təsis etdiyi qəzetlər nəzərdə tutulur. Bunlar "Azərbaycan", "Xalq qəzeti", "Bakinski raboçi" qəzetləridir. Amma heç biri dövlət büdcəsindən maliyyələşmir. Dövlət onlara yalnız dövlət materiallarını çap etdiklərinə görə müəyyən qədər kompensasiya ödəyir. Həmin kompensasiyanın miqdarı onların ümumi xərclərinin üçdə biri qədər də deyil.

Mən dəfələrlə həmin qəzetlərin səhifələrində alternativ düşünən insanların fikirlərinə rast gəlmişəm, alternativ fikri əks etdirən məqalələr, müsahibələr oxumuşam. Ona görə də əgər orada hansısa radikal partiya sədrinin çıxışlarını görmürüksə, demək olmaz ki, alternativ fikir yoxdur. Alternativ fikir var. Radikal müxalifət partiyaları sədrlərinin dediklərini çap edən qəzetlər mövcuddur. Orada da bu biri düşərgədən olan insanların mövqeyi yoxdur. Əlbəttə, qeyri-normal olsa da, Azərbaycanda mətbuat arasında müəyyən qədər siyasiləşmə gedib. Bəzi qəzetlər yalnız radikal fikirləri verirlər, bəziləri isə daha çox hakimiyyətyönlü mövqeləri dərc edirlər. Amma axtarsaq, hər ikisinin səhifələrində həm radikal, həm də hakimiyyətyönlü fikirlərə rast gəlmək olar.

- Amma müxalifət televiziyalara buraxılmır. Bunun səbəbi nədir?

- Niyə buraxılmır? Əgər siz müxalifət deyəndə yalnız iki partiyanın sədrini nəzərdə tutursunuzsa, onlardan bəhs edirsinizsə, ola bilər ki, onlar efirdə az görünür. Amma gün ərzində televiziyalar onların tədbirlərini işıqlandırır, fikirlərini efirə verir. Xüsusən də İTV-də. Düzdür, bu, İTV-nin borcudur. Bundan başqa, özəl televiziyaların əksəriyyətində mən onları görürəm, dinləyirəm.

Əgər söhbət konkret olaraq bir-iki radikal partiya sədrindən gedirsə, onların çıxışları heç özlərinin ailəsinə də xeyir gətirməz. Ona görə də onları nə qədər az versələr, bir o qədər yaxşıdır. Amma bütövlükdə Azərbaycanda müxalif fikir də, alternativ fikir də, ictimai rəy də, vətəndaş cəmiyyətinin ideyaları da var.

- Efirdə görünməsini istəmədiyiniz partiya rəhbərləri AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərdirmi?

- Mən bilmirəm siz kimi nəzərdə tutursunuz. Amma mənim də ürəyimdə tutduqlarım var.

- Əli müəllim, hakimiyyət, Yeni Azərbaycan Partiyası 2013-cü ilin prezident seçkisinə necə hazırlaşır? Hakimiyyət komandasının prezidentliyə namizədi bəllidirmi?

- YAP-ın prezidentliyə namizədi partiyanın sədri, hazırkı dövlət başçısı cənab İlham Əliyevdir. Bu, birmənalı olaraq belədir və partiyada onun alternativi yoxdur. Amma cənab İlham Əliyev 2013-cü il seçkiləri ilə bağlı hələ özü açıqlama verməyib. Ona görə də YAP-ın ali rəhbər orqanı hələ yığışıb bunu müzakirə etməyib.

Hakimiyyətin və YAP-ın prezident seçkisinə necə hazırlaşmasına gəlincə, hakimiyyət də, hakim partiya da uzun müddətdir ki, kampaniyaçılıqdan imtina edib. Biz faktiki olaraq bir seçki qurtaran gündən növbəti seçkiyə hazırlaşırıq. Necə hazırlaşırıq? Əhalinin ehtiyaclarını öyrənirik, onları təmin edirik. İnsanların istək və arzularını, ehtiyaclarını, hakimiyyətdən gözləntilərini müəyyənləşdirib bunları dövlət proqramları şəklində həyata keçiririk. Mən hələ birinci müddəti demirəm, cənab İlham Əliyev 2008-ci ildə prezident seçildiyi gündən faktiki olaraq Azərbaycanda xalqın, vətəndaşların maddi-mənəvi ehtiyaclarının ödənilməsi, istək və arzularının təmin olunması ilə məşğuldur. Ona görə də seçkiyə bir müddət qalmış ayrıca kampaniya aparmağa ehtiyacımız yoxdur. Kampaniyanı o adamlar aparırlar ki, beş il yatırlar, gizlənirlər və seçki gələndə meydana çıxırlar. Amma hakimiyyət və YAP bu beş ilin bir gününü də xalqın içərisindən çəkilməyib, onun ehtiyaclarından, tələbatından uzaqda dayanmayıb.

- Seçki ili yaxınlaşır. Əgər Prezident İlham Əliyev seçkidə iştirak etməməyə qərar versə, hakimiyyətin, YAP-ın namizədi kim ola bilər? Yeni namizədi müəyyənləşdirib təbliğatını qurmaq problem olmayacaq ki?

- Mən bunu proqnozlaşdırmaq istəmirəm. Çünki hələlik zamanımız var. Mən ona da əminəm ki, YAP-ın hazırlıqları, gözləntiləri və müəyyən edilmiş normaları, eyni zamanda artıq müəyyən olunmuş namizədi var. Ona görə də bu gün bu məsələ ətrafında fikir mübadiləsi aparmağa ehtiyac yoxdur, hələlik tezdir.

- Martın 1-də Qubada məlum hadisələr baş verdi, insanlar küçələrə çıxdılar, etirazlarını bildirdilər və son nəticədə xalqın etiraz etdiyi icra başçısı vəzifəsindən azad olundu. Bu hadisələrin üzərindən sirr pərdəsi götürülməyib. Çünki istintaq davam edir, hüquq-mühafizə orqanları açıqlama vermir. Siyasi hakimiyyət üçün Quba hadisələrinin əsl səbəbləri məlumdurmu?

- Qubada baş verənlər süni şəkildə qızışdırılmış hadisələr idi. Bunu rayon icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi. Hazırda araşdırma gedir və bunu təşkil edənlərdən bəziləri məlumdur. Məlum olmayanlar da araşdırılır. Onlar müəyyən geniş qrupları da cəlb etmək üçün fəaliyyət göstəriblər, bu istiqamətdə addımlar atıblar. Bu məsələlər hazırda araşdırılır. Nə qədər ki, araşdırma başa çatmayıb, buna ciddi qiymət vermək istəmirəm. Çünki verilən hər bir qiymət araşdırmaya və məhkəmə prosesinə təsir edə bilər.

Amma istənilən halda bu, Quba camaatının geniş ictimai narazılığı deyildi. Buna baxmayaraq, müxalifət bunu məhz belə təqdim etməyə cəhd göstərdi. Guya insanların hakimiyyətə qarşı üsyanıdır. Əslində isə qətiyyən belə deyildi. Bu, konkret olaraq rayon icra hakimiyyəti başçısına qarşı məqsədyönlü şəkildə təşkil olunmuş aksiya idi. Təəssüflər olsun ki, icra başçısı da ona qarşı təşkil olunmuş aksiyaya müəyyən qədər əsas vermişdi.

- Yəni günahı vardı?

- Əgər günahı olmasaydı, niyə vəzifədən çıxarılırdı? O, bir icra başçısı olaraq bu tipli aksiyanın təşkil olunmasına rəvac verməməliydi. O, çıxışlarının elə formada təhrif olunmasına imkan verməməliydi. Əgər təhrif olunmuşdusa, bunu dərhal araşdırıb tədbir görməliydi. İcra başçısı vaxtında bunun qarşısını ala bilməmişdi. Ona görə də vəzifəsini itirdi. Görünən odur ki, faktiki olaraq bu hadisələr subyektiv amillər nəticəsində törədilib.

- Bir sual da tam cavabını tapmayıb. Quba hadisələri xalqın yerli idarəçiliyə etirazı, yoxsa hakimiyyətdaxili qruplaşmaların bir-biri ilə mübarizəsinin açıq müstəviyə keçməsi və daha güclünün zəifi sıradan çıxararaq hər şeyi öz nəzarəti altına almaq cəhdi idi?

- Quba hadisələri nə xalqın hakimiyyətə qarşı etirazı, nə də hakimiyyətdaxili qruplaşmaların mübarizəsi idi. Qubada baş verənlər mərkəzi hakimiyyətə qarşı yönəlməmişdi. Bu, konkret olaraq bir-iki adamın yerli icra hakimiyyətinə qarşı təşkil etdiyi aksiya idi. Onlar aksiyaya geniş əhali kütlələrini qatmağa cəhd göstərmişdilər. Amma bacarmadılar. Düzdür, ora bir qrup insan toplaya bilmişdilər. Ora toplananlar geniş əhali kütləsi sayıla bilməz. Geniş əhali kütləsi o halda olur ki, baş verənlər nəzarətdən çıxmış prosesə çevrilir.

- Bir qrup kino xadimi yüksək vəzifəli hakimiyyət rəsmilərinin iştirakı ilə bir araya gələrək Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıb. Son illərdə Rüstəm İbrahimbəyovla hakimiyyətin mövqeyi üst-üstə düşmürdü. Onun təşkilatına alternativ yaratmaq zəruri idimi?

- Alternativ yaratmaq hər yerdə zəruridir. Alternativsiz olan yalnız Allahdır. Hətta peyğəmbərimizin də alternativləri, rəqibləri, ona qarşı çıxanları vardı. Rüstəm İbrahimbəyov kimdir ki, onun alternativi olmasın?! Əvvəla, Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqının sədri kimi son zamanlar hansı iş gördüyünü ortaya qoysun. Azərbaycanda hansı kino şedevrləri yaradıb, nə vaxt kino ictimaiyyətinin ehtiyaclarını dinləyib və onları təmin edib? Azərbaycanda Kinematoqrafçılar İttifaqı istisna olmaqla bütün ittifaqlar inkişaf edib. Yazıçılar Birliyi, Rəssamlar İtifaqı və digər yaradıcı qurumlar. Rüstəm İbrahimbəyov isə son zamanlar daha çox siyasətə və öz ambisiyalarını reallaşdırmağa girişib. Ona görə də buna qeyri-adi baxmaq lazım deyil.

Siz dediniz ki, Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradılıb. Bu onu göstərir ki, ora artıq Rüstəm İbrahimbəyovun şəxsi ittifaqı idi. Amma belə olmamalıdır. Kinematoqrafçılar İttifaqına kimin rəhbərlik etməsini kino xadimləri müəyyənləşdirməlidir, ittifaqa rəhbərliyi onlar seçməlidir. Heç kim həyatda daimi olmadığı kimi vəzifədə də daimi deyil. Əgər Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmaq istəyirsə, buyursun, partiya yaratsın, öz silahdaşlarını da ətrafına toplayıb mübarizə aparsın. Yeni ittifaqın təsis toplantısındakı çıxışlara əsasən deyirəm ki, kinematoqrafçılar artıq hesab ediblər ki, Rüstəm İbrahimbəyovun orada olması Azərbaycan kinosunun inkişafına xidmət etmir, hakimiyyətlə, cəmiyyətlə qarşıdurma yaradır. Bu da ittifaqın inkişafına ziyan vurur. Ona görə də onlar alternativ qurumlarını yaratdılar. Çox düz etdilər. Hesab edirəm ki, yeni ittifaq tezliklə öz yerini tutacaq.

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 2; 3.