Devid Harris: ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına bundan sonra da dəstək verəcəyik

 

İyulun 18-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) icraçı direktoru Devid Harris ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, N.İbrahimov dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Amerika Yəhudi Komitəsi ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır. Bu da dostluq əlaqələrimizdən qaynaqlanır, - deyən komitə sədri diasporumuzun fəalları arasında Azərbaycan Respublikasının vətəndaşları olan yəhudilərin də olduğunu qeyd etmişdir.

N.İbrahimov bildirmişdir ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunan Azərbaycan dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarımızın fəaliyyətinə böyük əhəmiyyət verir. Çünki informasiya müharibəsində qəti mövqeyimizi bildirmək Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından olduqca vacibdir. 

Diasporlobbiçilik fəaliyyəti sahəsində Azərbaycanın yaxın tərəfdaşlarının təcrübəsindən daim faydalanmağa çalışdığını qeyd edən komitə sədri vurğulamışdır ki, bu istiqamətdə zəngin təcrübəyə malik yəhudi diasporu ilə əməkdaşlıq Azərbaycan diasporunun mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Səfərin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirən N.İbrahimov keçirilmiş görüşlərin qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyini bildirmişdir.

Azərbaycanın ABŞ üçün vacib ölkə olduğunu vurğulayan qonaq səfərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafında növbəti addım kimi qiymətləndirmişdir.

Qonaq Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndirmiş və səfər çərçivəsində keçirilən görüşlərdə bu məsələnin də müzakirə olunduğunu qeyd etmişdir.

Amerikadakı yəhudi diasporunun xalqımızın dostu olduğunu deyən Devid Harris ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına bundan sonra da dəstək verəcəklərini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 4.