Aleksandr NESTEROV: Dağlıq Qarabağda separatçı seçkilər qanunsuzdur

 

 B.Yeltsin adına Ural Federal Universitetinin (Yekaterinburq) Avropa Tədqiqatları kafedrasının müdiri professor Aleksandr Nesterov AzərTAc-a məxsusi müsahibəsində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ərazisində sabah keçiriləcək qondarma seçkilər barəsində fikrini belə ifadə etmişdir: "Mənim fikrimcə, tamamilə obyektiv haldır ki, bu cür "seçkilər" hər hansı müstəqil dövlət çərçivəsində keçirilən seçki hesab edilə bilməz, çünki separatçı rejimlərin heç biri beynəlxalq birlik tərəfindən tanınmamışdır. Belə seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakını da yersiz hesab edirəm".

Onun fikrincə, beynəlxalq təşkilatlar qətnamə qəbul etməlidirlər ki, hər hansı seçki keçirməzdən əvvəl məsələnin siyasi həllini tapmaq zəruridir. Bütün başqa hallarda Dağlıq Qarabağda seçkilər qeyri-qanunidir və separatçı xarakter daşıyır.

A.Nesterov bu problemin həllinə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə öz münasibətindən söhbət açaraq təəssüfləndiyini bildirmişdir ki, belə münaqişələr qısa müddətdə həll edilmir.

O demişdir: "Obyektiv danışsaq, mənim fikrimcə, bu rejimi xaricdən dəstəkləyən güclü erməni lobbisi mövcud olduqca hər hansı ciddi siyasi qərarlar tezliklə qəbul edilməyəcəkdir. Mən hələlik bu münaqişənin yaxın gələcəkdə siyasi yolla həllini görmürəm".

Aleksandr Nesterov guya Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Moskvada olması fikrini şərh edərək bu fikrin obyektiv olmadığını söyləmişdir. Alim demişdir: "Münaqişənin həllinin açarı xeyli uzaqda, məsələ özü isə xeyli genişdir, çünki Dağlıq Qarabağı dəstəkləyən lobbi ilk növbədə, Moskvada deyil, Fransa, ABŞ-da, Kanadada yerləşir. Həmin ölkələrdə Qarabağın bu separatçı müstəqilliyinin tərəfdarları çoxdur. Rusiya iştirakçılardan biridir. O, münaqişənin mümkün həllinin heç də aparıcı iştirakçısı deyildir. Ona görə ki, Rusiya müəyyən siyasi mənada, Dağlıq Qarabağı deyil, Ermənistanı dəstəkləyə bilər, o da həmişə yox. Həmin ölkələrdəki erməni lobbisi isə bu separatçı rejimin yaşamasına ilk növbədə, maliyyə baxımından fəal kömək edir. Aydın məsələdir ki, pul olmasa, bu rejim heç iki gün də davam gətirə bilməzdi".

Aleksandr Nesterov hesab edir ki, Türkiyə bu prosesə fəal qoşula bilərdi, çünki o, çox mühüm regional oyunçudur, onun mövqeyindən çox şey asılıdır.

Aleksandr Nesterov daha sonra demişdir: "Son olaraq qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi siyasəti olduqca düşünülmüş, ölçülüb-biçilmiş siyasətdir. O, açıq münaqişəyə getmədən danışıqlar prosesini davam etdirir, eyni zamanda ölkənin milli mənafelərini müntəzəm müdafiə edir. Mən bu siyasəti ağlabatan və ölçülüb-biçilmiş siyasət kimi səciyyələndirərdim. Ümumiyyətlə, İlham Əliyev uğurlu siyasətçidir. O, atasına xas olan cəhətlərin çoxunu mənimsəmişdir və keçən əsrin 90-cı illərində Heydər Əliyevin müəyyən etdiyi istiqamətdə ölkəyə rəhbərlik edir".   

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 4.