Heydər Əliyev
Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi
olan IV Qəbələ Beynəlxalq Musiqi Festivalı
başlayır
Son illər Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri mədəni irsimizin, milli incəsənətimizin inkişafına böyük töhfələr verməkdədir.
Bu layihələr milli mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin dünyada təbliğində müstəsna rol oynayır, mədəniyyətlərin qarşılıqlı təmasına, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına mühüm zəmin yaradır.
UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunan "Muğam aləmi" Beynəlxalq festivalları böyük maraqla qarşılanaraq sənət aləmində geniş əks-səda doğurmuşdur.
Bu ilin mayında Bakıda gerçəkləşən "Eurovision-2012" mahnı müsabiqəsi beynəlxalq miqyasda ilin ən möhtəşəm mədəniyyət hadisələrindən biri kimi qiymətləndirilərək ölkəmizin dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrildiyini növbəti dəfə təsdiqləmişdir.
Heydər Əliyev Fondunun musiqi sənəti sahəsində daha bir möhtəşəm beynəlxalq layihəsi 2009-cu ildən ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Dünyanın bir çox nüfuzlu sənətkarlarının, tanınmış musiqi kollektivlərinin iştirak etdikləri festival Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi, musiqili görüşlərin, müxtəlif tədbirlərin keçirildiyi əsl sənət bayramıdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qəbələ şəhərində IV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanacaqdır.
Avqustun 5-dək davam edəcək musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
Festivalda Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorların, musiqiçilərin və kollektivlərin - London Filarmonik Orkestri, Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının iştirakı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstək verəcəyi festivalda ölkəmizdən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Dövlət xor kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov, Şükür Səmədov, əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov, Azad Əliyev, Yalçın Adıgözəlov, əməkdar müəllim Tofiq Aslanov, əməkdar artistlər Gülnaz İsmayılova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, Gülşən Ənnağıyeva, beynəlxalq müsabiqə laureatları Əyyub Quliyev, Fuad İbrahimov, Yusif Eyvazov, Adil Axundov, Azər Rzazadə, Fəridə Məmmədova, Səbinə Əsədova, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyul.- S. 4.