Meksikanın Deputatlar Palatasının prezidenti Heydər Əliyev Fondunu ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 18-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən olan və ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən meksikalı qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ümummilli lider Heydər Əliyevin zəkasının bəhrəsi olan və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.

Oskar Martin Arse Paniaqua fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.

Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 4.