Misirin milli bayramı şərəfinə
İyulun 18-də Misirin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səslənmişdir.
Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır.
Diplomat Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləmişdir.
Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələrdə imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini vurğulayan səfir əmin olduğunu bildirmişdir ki, ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlərimiz bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Son illərdə Azərbaycanın sürətli inkişafından danışan səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin böyük uğuru kimi qiymətləndirmişdir.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün tamam olduğunu vurğulayan S.Ə.Mənsur Misirin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu nəzərə çatdıraraq ötən 20 ildə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində böyük uğurların əldə olunduğunu vurğulamışdır.
Mərasimdə iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək əlamətdar bayram münasibətilə Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir demişdir ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr digər sahələr üzrə də yüksələn xətlə inkişaf etməyə başlamışdır. Son illərdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafını özündə əks etdirən bir sıra mühüm ikitərəfli sənədlər imzalanmışdır.
Ş.Mustafayev Azərbaycan ilə Misir arasında genişlənən əlaqələrdən məmnunluğunu bildirərək qeyd etmişdir ki, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına təkan verəcəkdir.
Qəbulda Azərbaycanın dövlət və
hökumət rəsmiləri, xarici ölkələrin
Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.- 2012.- 19 iyul.- S. 5.