Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında görüş keçirilmişdir

 

İyulun 18-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini ilə görüşmüşdür.

DMX-dən AzərTAc-a bildirmişlər ki, Firudin Nəbiyev rəhbəri olduğu qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığından bəhs etmiş, BQXK-nın cəbhə zonasında yaşayan şəxslərin müəyyən problemlərinin həlli istiqamətində fəaliyyətindən məmnunluq hissi duyduğunu ifadə etmiş və keçirilən ikitərəfli görüşlərin tərəflər üçün əhəmiyyətli olacağına əminliyini bildirmişdir. BQXK-nın 1992-ci ildən Azərbaycanda fəaliyyətə başladığı barədə məlumat verən Şerin Pollini təşkilatın ölkəmizdəki fəaliyyət istiqamətləri haqqında ətraflı danışmışdır. O, əsasən humanitar fəaliyyətlə məşğul olduqlarını, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində axtarış sorğularının aparılması, əsir və girov götürülmüş şəxslərin qaytarılması istiqamətində çalışdıqlarını  vurğulamışdır.

Görüş zamanı qonaqları miqrasiya sahəsində maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Görüşdə BQXK-nın müdafiə proqramının koordinatoru Qvenell Fontana iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 5.