Baş Prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
cari ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə
sahəsində fəaliyyətini uğurla davam etdirmişdir
İyulun 18-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin birinci yarım ili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilmişdir.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlər və praktiki tədbirlərdən danışmışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz işinin prioritet xətti kimi müəyyən etmişdir.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" dövlət başçısının 2012-ci il 13 iyul tarixli fərmanı korrupsiya ilə mübarizə sahəsində mühüm institusional tədbir olmaqla yanaşı, vətəndaşların rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
İ.Kərimov demişdir ki, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndirən dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini bildirməklə bu sahədə işlərin daha sürətlə aparılmasının zəruriliyini vurğulamış, eyni zamanda institusional islahatlar, elektron sistemə keçid və bir sıra digər əhəmiyyətli addımlar atılmaqla daha ciddi nəticələrin əldə ediləcəyinin mümkünlüyünü qeyd etmişdir.
Sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və nəticələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, cari ilin I yarısında idarə tərəfindən vətəndaşların 1328 müraciətinə baxılmışdır.
Hesabat dövründə "161 Qaynar xətt" əlaqə mərkəzinə 2624 müraciət daxil olmuşdur.
İdarə tərəfindən vətəndaşların müraciətləri diqqətlə araşdırılaraq onların pozulmuş hüquqları bərpa edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, hüquqi və fiziki şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 1000-dən artıq ərizə, şikayət və müraciət vətəndaşların xeyrinə müsbət həll olunmuş, 20 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.
Korrupsiya ilə əlaqədar olmayan 1800-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahatlar verilmişdir.
Hesabat dövründə törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olmuşdur. Görülmüş tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanmışdır.
Xüsusi vurğulanmışdır ki, idarənin tərkibində əməliyyat fəaliyyətini həyata keçirən struktur qurumun yaradılması nəinki korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan rüşvət alma (passiv rüşvətxorluq) cinayətlərinin aşkar edilməsində mühüm rol oynamış, eyni zamanda əsasən latent xarakter daşıyan rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətlərinin də aşkar edilməsinə imkan yaratmışdır.
Cari ilin 6 ayı ərzində idarədə 141 cinayət işinin ibtidai istintaqı aparılmış, onlardan 160 şəxs barəsində 82 cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş cinayət işlərindən 98 şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində 41 cinayət işi rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.
Həmin cinayət işləri əsasən
rüşvət alma (passiv rüşvətxorluq), vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə
səlahiyyətlərini aşma, səhlənkarlıq, talama,
dələduzluq və digər faktlarla əlaqədar
olmuşdur.
Məhkəmələrə göndərilmiş 82 cinayət işi üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.
Məhkəmədə baxılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərdən bəraət alanı olmamışdır.
Korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan rüşvətxorluğa qarşı mübarizə diqqət mərkəzində saxlanılmışdır.
İdarənin fəaliyyətində prioritet istiqamətlərdən olan korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq hesabat dövründə də davam etdirilmiş, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bundan sonra da korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi, istintaqı və təqsirləndirilən şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyul.- S. 5.