Turizm milli
iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir
Təəssüf ki, bu sahə üçün beynəlxalq əhəmiyyətli bölgələrimiz uzun illərdir işğal altındadır
Azərbaycan ənənəvi turizm biznesinin bütün sahələrdə inkişafı üçün çox cəlbedicidir. Məsələn, mədəni turizm, konqres turizmi, ekoturizm, müalicə, qış-yay turizmi və sair. Deməli, qarşıda duran vəzifə bu potensialı əlverişli turizm məhsuluna çevirməkdir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar ölkəmizin ərazisindən keçir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti haqqında sazişə müvafiq olaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması da yaxın vaxtlarda Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması ilə nəticələnəcək. Çünki ölkələrarası gediş-gəlişin artması, xüsusən də nəqliyyat infrastrukturunun keyfiyyətli olması dünyada olduğu kimi, Azərbaycanda da turizmi milli iqtisadiyyatın aparıcı istiqamətlərindən və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevirə bilər. "Böyük İpək Yolu" Azərbaycan ərazisindən keçərək Avropa ilə Asiyanı, eləcə də Qərb və Şərq svilizasiyalarını birləşdirir. Təsadüfi deyil ki, Ümumdünya Turizm Təşkilatının UNESCO ilə əməkdaşlığı sayəsində bərpa edilən "Böyük İpək Yolu" turist transkontinental marşrutuna Azərbaycan da daxil edilib. Bu yolun bərpası üzrə aparılan işlər həm də Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının güclənməsinə təsir edir.
Qloballaşma proseslərinin sürətlənməsi ilə xarakterizə olunan XXI əsr inteqrativ əlaqələrin inkişafı baxımından dünyada əhali hərəkətliliyinin artımını ön plana çəkir. Ona görə də son illər xidmət sahələrinin inkişaf tempi istehsal sferasını üstələyir. İnkişaf etmiş elə ölkələr var ki, hər il bu sahələrdən milyardlarla dollar sərmayə qazanır. Bu sahə məhz turizmdir, mühüm iqtisadi amil kimi turizm sənayesi dünyada sürətlə inkişaf edən xidmət sahələrindən biridir.
2009-2018-ci illərdə Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi ölkədə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə hüquqi zəmin yaratdı. Dövlət proqramının məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf vektorlarından birinə çevrilməsinin təmin edilməsidir. Bundan sonra regionlarda özəl sektor tərəfindən turizm-istirahət obyektləri tikilib istifadəyə verilmiş, digər sahələrlə yanaşı, turizm sektoruna da xeyli miqdarda investisiya qoyulmuşdur. İndi paytaxtda və bölgələrdə xarici qonaqları qəbul edə bilən neçə-neçə müasir mehmanxana fəaliyyət göstərir. Azərbaycanın turizm bazarında xarici mütəxəssislər də fəal iştirakçıya çevriliblər. Bütün regionları əhatə edən geniş turizm xidmətləri sistemli şəkildə formalaşır. Həm yerli iş adamlarının, həm də xarici investorların mehmanxana biznesinə sərmayə yatırması və dünyanın iri mehmanxana şəbəkələrinin ölkəmizə gəlməsi Azərbaycan turizm bazarının yaxın vaxtlarda böyük uğurlara imza atacağını göstərir. Ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş layihələrdən biri də Qusar rayonunda, Şahdağın ətəyində inşa edilən yay-qış turizm kompleksidir. Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2 nömrəli kanat və xizək enişinin açılışı həyata keçirilib. Çox keçməyəcək ki, "Şahdağ" turizm kompleksi dünyanın ən bahalı turizm mərkəzləri ilə rəqabətdə onları qabaqlayacaq.
Mütəxəssislərin gəldiyi qənaətə görə, xarici turistlər daha çox aktiv turizmə meyillidirlər. Onlar turist səfərində olduqları ərazinin əhalisi ilə ünsiyyət yaratmağı, kənd adamları ilə görüşməyi, onların məişət şəraitləri ilə tanış olmağı, dağda-düzdə gəzməyi, ov etməyi, dənizdə çimməyi çox sevirlər. Buna görə də qarşıya qoyulan əsas prioritetlərdən biri də regionların özünəməxsusluğunun nəzərə alınması, ekoturizmin inkişaf etdirilməsidir. Mütəxəssislər hesab edirlər ki, ekoturizm, yəni kənd turizmi Azərbaycan iqtisadiyyatının gələcəyi üçün ən önəmli istiqamətlərdən biridir. Lakin bunun üçün hələ çox iş görülməlidir. Məsələn, təkcə çimərlik turizmindən dövlətimiz hər mövsüm xeyli sərmayə qazana bilər. Bunun üçün ilk növbədə, Xəzər sahilləri, xüsusən Bakı akvatoriyasının suları təmizlənməli, çimərlik üçün normal infrastruktur yaradılmalıdır. Əlverişli turizm məkanı kimi ölkəmizin reytinqinin yüksəldilməsində konqres turizmi də xüsusi əhəmiyyət daşıyır. Çünki respublikamızda keçirilən beynəlxalq simpoziumlar, seminarlar, elm və mədəniyyət tədbirləri Azərbaycana çoxsaylı əcnəbi elm-sənət adamlarının, mütəxəssislərin gəlişinə səbəb olur. Son illər Qəbələdə keçirilən klassik musiqi festivalını misal çəkmək olar. Qarşıdaki illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində ciddi və genişmiqyaslı addımlar atılması nəzərdə tutulur ki, bu da Azərbaycanı dünyaya turizm ölkəsi kimi tanıtmağa imkan verəcək.
Turizm sahəsində böyük təcrübəsi olan elə ölkələr var ki, burada mövsüm anlayışı aradan qalxıb. Mədəni turizm üçün heç bir fəsli gözləmək gərək deyil. Konqres və qış turizm növləri də bu tipli ölkələrdə hər zaman turist bolluğu yaradır. Turizm sahəsi üzrə beynəlxalq mütəxəssislər bu sahədə nümunə kimi daha çox Türkiyəni göstərirlər. Kosmik turizmdən başqa bu imkanların hər biri Azərbaycanda da mövcuddur və həmin imkanlardan layiqincə faydalanmaq üçün sahənin aktivləşdirilməsinə ehtiyac var.
Yay turizmi insanların istirahət etmək üçün yararlandığı ən geniş kütləvi turizm növüdür. İmkanı olan Azərbaycan vətəndaşları da son zamanlar ölkəmizdə və xaricdə dincəlməyə gedirlər. Lakin xaricilərin də, yerli turistlərin də dediklərindən belə nəticəyə gəlmək olur ki, Azərbaycan turizminin inkişafına mane olan amil hələ də qiymətlə xidmətin bir-birinə uyğun gəlməməsidir. Deyirlər ki, bizdəki qiymətlərin yarısına Türkiyədə, Gürcüstanda və Rusiyada daha yaxşı istirahət etmək olar, xidmətin səviyyəsi isə ümumiyyətlə, müqayisəyə sığmır. Turizm şirkətinin rəhbərləri isə iddia edirlər ki, tələbat çox olduğundan qiymətdə endirim etmirlər. Lakin onlar unudurlar ki, Azərbaycan vətəndaşlarının hamısı yüksək gəlirə malik deyillər və onların qoyduğu məzənnə ilə vətəndaşların imkanları bir-birini tamamlamır. Orta gəlirli və az gəlirli vətəndaşlar da nəzərə alınmalıdır. Hər yerdə olduğu kimi, ölkəmizdə də turizm mövsümü başlayıb. Turist axını ən çox şimal və cənub bölgələrinədir. Mövsüm təzə başlasa da, istirahətə gələn yerli və xarici qonaqların sayı ötənilkindən xeyli çoxdur. Turizm mütəxəssisləri bunu havanın daha çox isti keçməsilə əlaqələndirirlər.
Təəssüf ki, Azərbaycanın ən gözəl turizm infrastrukturu olan bölgələri uzun illərdir ki, düşmən tapdağındadır. Erməni işğalçılarının zəbt etdikləri Şuşa, Kəlbəcər, Laçın, Zəngilan, Ağdam və başqa bölgələrin müalicəvi havası, möcüzəli bitkiləri, Kiçik Qafqazın başıqarlı dağları, yerdən qaynayıb çıxan mineral- müalicəvi suları turizmin hər növü üçün əvəzedilməzdir. Bu sular bilib-bilmədiyimiz min dərdin dərmanı idi. Rusiyada bir çox həkimlər müalicə üçün xəstələrini təyinatla İstisuya göndərirdilər. Kəlbəcərin dünyaca məşhur İstisu sanatoriyasında təkcə ittifaq vətəndaşları deyil, dünyanın hər yerindən gələn turistlər həm dincəlir və müalicə alır, həm də ot bitkilərindən yığıb vətənlərinə aparırdılar. Dünyada Karlovı-Varı sularından geri qalmayan isti və mineral bulaqları olan İstisu böyük iqtisadi-müalicəvi əhəmiyyət daşıyırdı.
Xarici turistlər Kəlbəcəri dünyanın möcüzəsi hesab edirdilər. Yay aylarında Azərbaycanın aran rayonlarının əhalisi ev-eşik, mal-qaraları ilə birlikdə İstisuya, Dəlidağa, Saraysuya, Qoşaburuna, Laçına köçər, çadırlar qurar, təbiətin qoynunda yaşayar, quyruq doğanadək (avqustun son günlərinədək) arana enməzdilər. Yaz girən kimi Şuşanın Cıdır düzündə, İsa bulağında, Qırxpilləkəndə, Topxanada, Abdal Gülablıda iynə atsaydın yerə düşməzdi. Burada canlı musiqiyə, muğama qulaq asmağa, Qarabağın gözəlliyinə tamaşa etməyə dünyanın harasından gəlməzdilər?! Çəmənliklərdə çadırlar qurular, at yarışları keçirilər, cavanlar ağsaqqalların müşayiəti ilə Cıdır düzündə çovqan oynayardılar. İsa bulağının başı ilin bütün fəsli qonaqlı-qaralı olardı. Zəngilan və Cəbrayıldakı çinarları görməyə səyyahlar gələrdi.
Qarabağ münaqişəsi Azərbaycanın onlarla mühüm istirahət mərkəzlərinə və bütövlükdə turizm şəbəkəsinə çox böyük ziyan vurub. İndi Azərbaycan hər il bu bölgələrdə turizmdən qazanacağı milyonlarla manatı itirir. Oradaki infrastruktur məhv edilib, əvəzedilməz su mənbələri yox olub, bəlkə heç bitki və ot örtüyü də qalmayıb. Bundan başqa, işğal nəticəsində sanatoriya və pansionatlar ermənilər tərəfindən dağıdılıb. Digər tərəfdən, Bakı, Sumqayıt, Naftalan və başqa şəhərlərin pansionat və sanatoriyalarında qaçqın və məcburi köçkünlər məskunlaşdırıldığına görə buradaki istirahət obyektlərinin çoxu da fəaliyyətlərini dayandırmışdır. Qarabağ və Dağlıq Qarabağ bölgəsi kimi ən gözəl istirahət guşələrinin işğal altında qalması Azərbaycanda turizmin inkişafına çox böyük ziyan vurur. Minlərlə xəstə insan oradaki müalicəvi əhəmiyyətli şəfalı sulardan məhrum olub. Əlbəttə, vətənimizin bu cür füsunkar guşələri işğal altında olmasaydı, bu gün Azərbaycan turizm sahəsində dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət aparardı.
Bütövlükdə ölkəmizin turizm imkanları istənilən qədərdir. İşğal altındakı ərazilərimiz azad olanadək bu sahənin inkişafı üçün mühüm tədbirlər görülməkdədir. Elə etməliyik ki, yaxın illər ərzində turizmin inkişafı sahəsində böyük və gözəl nəticələr əldə edək.
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 19 iyul.- S. 5.