Bakı-Tbilisi-Qars
dəmir yolu 2014-cü ildə istifadəyə
veriləcək
İyulun 18-də "Hilton-Baku" otelində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının IV iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya üzrə dövlət naziri Binəli Yıldırım və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvilinin iştirakı ilə keçirilən görüşdə BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin reabilitasiyası, yenidən qurulması və tikinti prosesi, Gürcüstan və Türkiyəni birləşdirən tunelin layihələşdirilməsi, ekspertizası və inşası, Türkiyə ərazisində həyata keçirilən tikinti işlərinin gedişatı və s. məsələlər müzakirə olunmuşdur.
Bildirilmişdir ki, BTQ dəmir yolu əvvəlcədən planlaşdırıldığı kimi, 2014-cü ildə tam istifadəyə veriləcək. "Dəmir İpək yolu" adlandırılan layihə qardaş ölkələrimizin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcəkdir.
Sonda Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının IV iclasının protokolu imzalanmışdır.
Qeyd edək ki, BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və
Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir
yolu şəbəkələrinin birləşdirilməsini,
yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan
və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin
etməklə yanaşı, region ölkələrinin
tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin
sürətlənməsinə və əməkdaşlığın
daha da
inkişafına, habelə ölkəmizin xarici
iqtisadi əlaqələrinin genişlənməsinə
xidmət edəcəkdir.
Azərbaycan.- 2012.- 19 iyul.- S. 6.