Goran torpağı gündən-günə gözəlləşir

 

Goranboy rayonunda abadlıq və quruculuq işlərinin miqyası aybaay, ilbəil genişlənir, sərhəd bölgəsində mərdanə dayanır və gündən-günə inkişaf edir.

Son bir neçə ay ərzində rayonda Yeni Azərbaycan Partiyası, şəhər 3 nömrəli tam orta məktəbi və uşaq şahmat məktəbi üçün müasir binalar istifadəyə verilmiş, mədəniyyət evində əsaslı yenidənqurma işləri aparılmışdır.

Hazırda mərkəzi avtovağzal kompleksi, qaz istismarı və su-kanal idarələri üçün inzibati binalar tikilir, mehmanxana yenidən qurulur, Goran istiqamətində istirahət mərkəzi yaradılır.

Rayonda yol təsərrüfatına da xüsusi diqqət yetirilir. Şəhərdən Şahməmmədli kəndinə gedən ikitərəfli yolun tikintisi başa çatdırılmış, yeni yaşayış massivində üç küçəyə asfalt örtük salınmış, səkilər düzəldilmişdir.

Daxili imkanlar hesabına Tap Qaraqoyunluda Bayraq meydanı abadlaşdırılmış, ən baxımlı yerdə yeni giriş qapısı qoyulmuşdur. Səmədabad-Əhmədabad magistralından Nadirkəndə keçən dolama yol sahmana salınmışdır. Dəliməmmədli-Quşçular yolunun tikintisi başa çatmaq üzrədir. Goran avtomobil yolunun İrəvanlı kəndi hissəsində milli ornamentli istinad hasarının tikintisinə başlanmışdır.

Şəhərdə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün ilk dəfə olaraq bir neçə yerdə rəqəmli svetoforlar qoyulmuş, Qızılhacılı qəsəbəsində dörd, Boluslu kəndi ərazisində üç dayanacaq inşa edilmişdir. Ümumən ayrı-ayrı yaşayış məntəqələrində, yol kənarlarında müasir quruluşlu səkkiz dayanacaq düzəldilmiş, Milli Qurtuluş Günü ərəfəsində Gülüstan qalası səmtində "Qala" kompleksi istifadəyə verilmişdir.

Hesabat dövrünün ən önəmli hadisələrindən biri də budur ki, "Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" layihəsi uğurla həyata keçirilir. Bu yaxınlarda Murovdağdan 44 kilometr uzunluğundakı su kəmərinin çəkilişi başa çatmışdır. Hazırda şəhərin daxilində su və kanalizasiya sistemi sahmana salınır. Bu layihə həyata keçəndən sonra kəmərboyu yerləşən 12 kəndin içməli su təminatı tamamilə ödəniləcəkdir.

Bütün bu faktlar altı aylığın yekunları müzakirə olunarkən rayon fəallar yığıncağında səslənmişdir. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin məruzəsi dinlənildi. O, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin nitqində irəli sürülən vəzifələr baxımından rayonun fəaliyyətini ətraflı təhlil etdi. Uğurlar göstərilməklə bərabər, yol verilən nöqsanlar, həlli vacib problemlər barədə geniş söhbət açdı. Sonra icra hakimiyyəti başçısının müavini Rauf Teyyubovun, suvarma sistemləri idarəsinin müdiri Gündüz Bağırovun, gənclər və idman idarəsinin rəisi Elşad Həsənovun, subartezian quyularının istismarı idarəsinin rəisi Akif İbrahimovun, qaz istismarı idarəsinin rəisi Hikmət Əkbərovun və başqalarının məlumatları dinlənildi. Qeyd olundu ki, Goranboy rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında irəli sürülən vəzifələr uğurla yerinə yetirilir. İstehsalın həcmi artır, adambaşına düşən məhsulun həcmi çoxalır. Sahibkarlığa xüsusi diqqət yetirilir. Bununla yanaşı, son illərdə ölkə rəhbərinin sərhəd bölgəsində olan rayonlara, eləcə də Goranboya olan qayğı və diqqətindən minnətdarlıqla danışıldı. Son altı ay ərzində dövlət başçısı Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əlavə tədbirlər haqqında iki dəfə sərəncam imzalamışdır.  Prezident  İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli sərəncamında deyilir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Goranboy rayonunda uğurla yerinə yetirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilmişdir".

Abadlıq və quruculuq işlərinin davam etdirilməsi, yeni-yeni layihələrin həyata keçirilməsi məqsədilə həmin sərəncamla rayona iki milyon manat pul verilmişdir. Elə bu yaxınlarda isə dövlət başçısının başqa bir sərəncamı ilə 15 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Həmənli yolunun tikintisi üçün 4,6 milyon manat vəsait ayrılmışdır. Fəallar yığıncağının iştirakçıları sərhəd bölgəsində yerləşən Goranboya müntəzəm surətdə göstərilən qayğı və diqqətə görə Prezident  İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlıq bildirdilər.

Goran torpağı gündən-günə gözəlləşir. Bura əsl inşaat meydanına bənzəyir. İlk öncə sosial obyektlərin inkişafına xüsusi diqqət yetirilir. Çıxış edənlər dedilər ki, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı sayəsində son üç ildə rayonda səkkiz məktəb binası inşa edilmişdir. Hazırda Qızılhacılı qəsəbə 2 nömrəli, Nərimanlı, Yeniyol,  Əlirzalı, Məşədiqaralar, Alpoud, Quşçular, Dəyirmanlar, Faxralı kənd orta məktəblərində tikinti və yenidənqurma işləri aparılır.

Səhiyyə sahəsində də xeyli işlər görülür. Mərkəzi xəstəxananın, aptek və şüa diaqnostika şöbəsinin rentgen otağı təmir edilir. Yuxarı Ağcakənd qəsəbə tibb məntəqəsinin döşəməsi dəyişdirilir. Digər səhiyyə ocaqlarında da müəyyən  təmir işləri görülür.

Mədəniyyət və idman sahəsində də uğurlar göz qabağındadır. Nərimanlı kənd klubu və kitabxanası əsaslı təmir edilib, Borsunlu uşaq musiqi məktəbinin binası bərpa olunub. Leysan yağış və sel suyunun törətdiyi fəsadların aradan qaldırılması məqsədilə sistemli surətdə iş görülür. Xüsusən sərhəd bölgəsində mərdi-mərdanə dayanan Tap Qaraqoyunlu kəndində yüzədək fərdi yaşayış evi təmir edilir. Bir neçə subartezian quyusu qazılır, əsaslı surətdə yenidən qurulmuş kənd orta məktəbində yeni tədris korpusu inşa olunur, yol-iz sahmana salınır. Nankor qonşuların hücumlarının qarşısının alınması məqsədilə 2,5 kilometr uzunluğunda, dörd metr hündürlüyündə mühafizə hasarı tikilir.

Toplantıda əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilməsi sahəsində görülən işlərdən də geniş söhbət açıldı. Məcburi köçkünlər üçün tikilən qəsəbədəki beşmərtəbəli doqquz yaşayış binası, habelə,  Tatarlı, Qaraqucaq, Şəfibəyli və Hacallı kəndləri təbii qazla təmin edilmiş, Kürəkçay yarımstansiyasında transformator daha güclüsü ilə əvəz edilmiş, 330 voltluq Xanqərvənd stansiyasının tikintisi isə davam etdirilir.

Tənqid və özünütənqid şəraitində keçən toplantıda qüsurlardan da danışıldı və onların aradan qaldırılmasının yolları müəyyən edildi. Belə bir fakt da qeyd edildi ki, havalar isti keçdiyinə görə Gülüstan bölgəsinə gələnlərin sayı kəskin şəkildə artır, turizm sürətlə inkişaf edir. Lakin bu bölgədəki antisanitariya vəziyyəti dözülməzdir, ət kəsimi və satışına, həmçinin meşə və yaşıllıqların yanğından mühafizəsinə qədərincə diqqət yetirilmir. Elə buna görə də ərazi ekologiya və təbii sərvətlər şöbəsinin, gigiyena və epidemiologiya mərkəzinin, baytarlıq idarəsinin, meşə mühafizəsi və bərpası müəssisəsinin fəaliyyəti kəskin tənqid olundu.

Bəzi yerlərdə elin təbii sərvəti olan torpaqlara yarıtmaz münasibət də ciddi tənqid edildi. Natiqlər dedilər ki, rayonun əksər ərazilərində, xüsusilə turizm üçün əlverişli olan Gülüstan bölgəsində torpaqların zəbt edilməsi adi hala çevrilmişdir. İcra hakimiyyətinin təşəbbüsü ilə mütəxəssislərin apardıqları araşdırmalar zamanı çox ciddi faktlar üzə çıxarılmışdır. Belə ki, yarım hektar torpağı icarəyə götürən şəxs bir hektardan artıq əlavə sahəni zəbt edir və ən qəribəsi isə budur ki, həmin yerlərdə əsaslı tikinti işləri aparılır. Əkin-biçin üçün verilmiş torpaqlarda qeyri-qanuni yolla fərdi yaşayış evləri inşa olunur. Bu isə torpaq və xəritəçəkmə şöbəsinin, habelə yerli icra və bələdiyyə orqanlarının laqeydliyi və prinsipsizliyinin nəticəsidir.

Toplantıda yerli icra orqanlarının fəaliyyətinin canlandırılmasına diqqət verilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Vətəndaşların hər hansı probleminə yerlərdə laqeyd münasibət bəslənildiyi üçün onlar yuxarı təşkilatlara müraciət etməli olurlar. Qətiyyətlə tələb olundu ki, hər kəs tapşırılan işin öhdəsindən layiqincə gəlməli, qarşıda duran vəzifələrin icrasının, əhalinin rifah halının yaxşılaşdırılmasının təmin edilməsi sahəsində əlindən gələni etməlidir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 6.