17 yaşına qədər
olan qadınlar arasında futbol
üzrə dünya
çempionatının final mərhələsinin
2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsini
təmin etmək haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycanda
idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir.
Son illər ölkənin bir
çox şəhərlərində olimpiya idman kompleksləri
tikilib istifadəyə verilmiş, xüsusilə gənclər
arasında idmanla məşğulluğun daha geniş
yayılması üçün çoxsaylı tədbirlər
həyata keçirilmişdir. Azərbaycanda mötəbər
beynəlxalq səviyyəli idman yarışları, o cümlədən
dünya və Avropa çempionatları keçirilir, həmin
yarışlarda Azərbaycan idmançıları uğurla
iştirak edirlər.
Ölkədə
idmanın futbol növünə də xüsusi qayğı
göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci
il 10 oktyabr tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə
futbolun inkişafına dair Dövlət Proqramı"nın
icrası uğurla davam etdirilir. Həmin Dövlət
Proqramında qadın futbolunun inkişafı və milli
yığma komandaların dünya və Avropa
çempionatlarında iştirakının təmin edilməsi
məsələlərinə xüsusi önəm
verilmişdir.
17
yaşına qədər olan qadınlar arasında futbol
üzrə dünya çempionatının final mərhələsinin
2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsi
ölkədə idmanın bu növünə marağın
daha da artmasına səbəb olacaq və Azərbaycanın
nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək
təcrübəsini daha da zənginləşdirəcəkdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq 17 yaşına qədər olan qadınlar
arasında futbol üzrə dünya
çempionatının final mərhələsinin Azərbaycan
Respublikasında keçirilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti 17 yaşına qədər
olan qadınlar arasında futbol üzrə dünya
çempionatının final mərhələsinin təşkili
və keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün viza
prosedurlarının sadələşdirilməsi barədə
təkliflərini 10 gün müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
2. Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
və Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi, fəaliyyət istiqamətlərinə uyğun
olaraq, çempionatın final mərhələsinin
keçirilməsi ilə bağlı təhlükəsizliyin
təmin olunması, mühafizənin təşkili,
çempionat zamanı baş verə biləcək fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması üçün zəruri tədbirləri
görsünlər.
3. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti, fəaliyyət
istiqamətlərinə uyğun olaraq, çempionatın final
mərhələsində iştirak üçün Azərbaycan
Respublikasına gələcək Beynəlxalq Futbol
Federasiyaları Assosiasiyasının (FİFA) əməkdaşlarının,
vəzifəli şəxslərinin, FİFA nümayəndə
heyətinin üzvlərinin, FİFA konfederasiyaları və
FİFA üzvü olan assosiasiyaların əməkdaşlarının
və vəzifəli şəxslərinin ölkəyə gəlmə
və ölkədən getmə zamanı dövlət sərhədindən
keçməsi, gömrük nəzarətinin
aparılması, habelə çempionat və çempionat tədbirləri
ilə bağlı Azərbaycan Respublikasına gələcək
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yaşayış yeri üzrə
qeydiyyatı, Azərbaycan Respublikasında müvəqqəti
yaşamaq üçün icazə verilməsi kimi məsələlərin
həllində operativliyi təmin etsinlər.
4. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi çempionatın
final mərhələsində təcili tibbi yardım,
sanitariya və epidemioloji təhlükəsizlik işlərinin
təşkili üçün zəruri tədbirlər
görülməsini təmin etsin.
5. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi və Azərbaycan Respublikasının Müəllif
Hüquqları üzrə Dövlət Agentliyi öz səlahiyyətləri
çərçivəsində çempionatın final mərhələsinin
keçirilməsi ilə bağlı FİFA-nın media,
marketinq və digər kommersiya hüquqlarının
qorunmasını təmin etsinlər.
6. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və "Azərbaycan Televiziya və
Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
çempionatın final mərhələsinin keçirilməsi
üçün tələb olunan telekommunikasiya və
informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə
təşkili üçün zəruri tədbirlər
görsünlər.
7. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fondu çempionatın final mərhələsinin təşkili
ilə əlaqədar ölkəyə gələn və
çempionatın final mərhələsində iştirak edən
şəxslərin müraciətlərinə operativ
baxılmasını təmin etsinlər.
8. Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi və Azərbaycan
Respublikasının Müəllif Hüquqları üzrə
Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri
ilə bağlı FİFA-nın və (və ya)
üçüncü şəxslərin əqli mülkiyyət
hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və
ya qeydiyyatından imtina prosedurlarının operativ həyata
keçirilməsini təmin etsinlər.
9. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.