Ədəbi tədqiqatın üfüqlərində

 

 Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərinin tədqiqatçısı, əməkdar incəsənət və elm xadimi, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü, "Humay" mükafatı laureatı, 200-dən artıq elmi əsərin, həmçinin 30-dan çox kitabın müəllifi  kimi  tanınan Zemfira Səfərova növbəti dəfə oxucularla  görüşə bir qədər fərqli formada gəlib.  Musiqişünas alimin "Elm" nəşriyyatı  tərəfindən çapdan  buraxılan "Dedim, dedilər..." kitabı oxucuda belə bir təəssürat yaradır ki, müəllif  bu dəfə klassik aşıq ədəbiyyatı növlərindən olan dastançılıqdakı deyişmələrdən söz açır. Lakin yeni nəşrdə müəllifin son beş ildə dərc etdirdiyi məqalələrlə yanaşı, onun yaradıcılığına həsr olunan yazılar da toplanıb.  "Dedim, dedilər..."in  kompozisiyası iki hissəyə   bölünüb. "Dedim" hissəsində oxucular müəllifin hələ sağlığında klassikləşmiş sənətkarlar haqqında qələmə aldığı elmi, publisistik məqalələri ilə tanışlıq imkanı qazanır.

Ömrünü elmə həsr edən musiqişünas-alim  Səfiəddin Urməvi, Əbdül Qədir Marağa, Mir Mövsüm Nəvvab kimi klassiklərimizin yaradıcılıqlarının öyrənilməsində də öz töhfəsini verib. Professor, əməkdar incəsənət xadimi Aida Tağızadənin kitabdaki məqaləsində qeyd edildiyi kimi, Zemfira Səfərova elmdə mənbəşünaslığın yeni sərhədlərini ilk açan və bu sahəni öyrədənlərdəndir.

Zemfira xanımın son dövrlər yaradıcılığının səmərəliliyini  əks etdirən isə "Azərbaycan musiqisinin tarixi"dir. Musiqi elmi üçün  böyük dəyərə malik olan bu əsər müəllifin, əslində, yaradıcılıq hesabatıdır.

Birinci hissədə "Qara Qarayevi anarkən", "Rəsul Rza və musiqi", Bəhram Mansurovla unudulmaz  görüşlərindən bəhs edən  "Tar sənətinin böyük ustadı", akademik Rasim Əfəndiyevin əziz xatirəsinə  həsr olunan "Elmimizin Əfəndisi",  xalq yazıçısı Anarın musiqi, rəssamlıq, teatr və kino sahələrindəki fəaliyyətinə işıq salan  "Anar izi", xalq artisti Firəngiz Əlizadənin yaradıcılışına ayna tutan "Şərq və Qərbin möhtəşəm vəhdəti", "İmruz bu gün deməkdir və ya bugünün istedadlı bir musiqi dünyası" sərlövhələri ilə verilən yazılarda oxucu bütünlüklə mədəniyyət və incəsənətin üfüqlərində  bərq vuran ulduzların eyni zamanda ömür yolları ilə də tanış olmaq imkanı  qazanır.

Dediklərinin müqabilində musiqişünas alimin elmi axtarışları, ədəbi tədqiqatları haqqında tanınmış elm və sənət xadimlərinin dəyərli fikirlərinin "Dedilər..." bölməsində verilməsi topluda vəhdət təşkil edir. Qara Qarayev, Fikrət Əmirov, Süleyman Şanel, Lyudmila Karagiçeva, Firənfiz Əlizadə kimi görkəmli bəstəkarların Zemfira Səfərovanın yaradıcılığı barədə vaxtilə söylədikləri fikirlər Azərbaycan musiqisinin tədqiqinə  verilən qiymətdir.

Kitabın adının  seçimi də çox uğurlu  hesab edilir: "Dedim, dedilər...". Bu isə bir daha musiqişünas alimin  eyni zamanda şifahi xalq ədəbiyyatına dərin  bələdçiliyindən  irəli gəlir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 7.