Vergi hüququna dair ensiklopedik nəşr

 

 Son dövrlərdə respublikamızda hüququn ayrı-ayrı sahələri ilə bağlı dəyərli nəşrlər çap olunub. Bunların arasında tədqiqatçı hüquqşünas Simran Həsənovun vergi hüququna dair kitabları, məqalələri, o cümlədən Azərbaycan Respublikası Vergi Məcəlləsinin ümumixüsusi hissələri ilə bağlı şərhləri hüquqşünas və maliyyəçilər tərəfindən maraqla qarşılanıb. Bu günlərdə müəllifin daha bir kitabı - "Vergi hüququ (ensiklopedik lüğət)" nəfis tərtibatda işıq üzü görüb.

Vergi hüququ maliyyə hüququnun kifayət qədər mürəkkəb və çoxşaxəli sahələrindən biri olduğu üçün çox geniş subyekt tərkibinə malikdir. Çox az-az hüquqiya fiziki şəxs tapmaq olar ki, vergi-hüquq münasibətlərində iştirak etməsin. Müdriklərdən birinin dediyi kimi, bu dünyada iki məqam qaçılmazdır: ölümvergi. Vergi hüququna aid normativ-hüquqi aktlar milli qanunvericiliyimizin tərkib hissəsi kimi, həm bu qanunvericiliyin demək olar ki, bütün sahələri ilə, həm də vergi qanunvericiliyinin özünə daxil olan ayrı-ayrı aktlar ilə qarşılıqlı əlaqədə və sistemli şəkildə tətbiq edilir. Belə bir vəziyyətdə Vergi Məcəlləsində və vergi hüququna aid çoxsaylı digər normativ-hüquqi aktlarda rastlaşdığımız yüzlərlə termin, ifadə və qaydaların anlayışları barədə ən azı ilkin təsəvvürə malik olmadan vergi-hüquq münasibətlərinin kütləvi iştirakçılarının öz hüquq və vəzifələrini sonadək dərk etməkdə çətinlik çəkəcəkləri şübhə doğurmur.

Müəllif kitabında məhz bu cətinliyin aradan qaldırılması vəzifəsinin icrasına cəhd göstərmiş və fikrimizcə, buna nail olmuşdur. Belə ki, adıçəkilən nəşrdə birbaşa və dolayısı ilə vergi hüququna aid olan səkkiz yüzdən artıq termin və ifadənin anlayışı verilmiş, onların məhz hansı məna və məzmunda tətbiq edildiyi izah olunmuşdur. Bu anlayışların dəyərini artıran əlamətlərdən birincisi budur ki, onlar ilk növbədə konkret normativ-hüquqi aktlara və həmin sənədlərin müvafiq maddə və bəndlərinə istinadən təqdim edilir. Kitabın sonunda isə hüquqi aktların qəbul edildiyi və qüvvəyə mindiyi tarixlər, çap olunduqları nəşrlər göstərilməklə, onların siyahısı əks olunur. Leqal anlayışlar olmadığı təqdirdə müəllif elmi (doktrinal) və nəzəri mənbələrə əsaslanaraq müvafiq materiallar təqdim etmişdir.

Kitabın istifadə əhəmiyyətini artıran amillərdən biribudur ki, burada təkcə  vergi hüququna aid anlayışlar deyil, həm də vergi qanunvericiliyi aktlarında tətbiq edilən digər hüquq sahələrinin (gömrük, mülki, əmək, cinayət və s. qanunvericilik aktlarının) termin və ifadələri də öz əksini tapmışdır. Bununla yanaşı, oxucular bu nəşr vasitəsilə vergi-hüquq nəzəriyyəsinə, beynəlxalq vergi hüququna, müsəlman hüququna aid əlaqəli materiallarla da tanış ola bilərlər.

"Elm və təhsil" nəşriyyatında çap olunmuş kitab kifayət qədər aydın, oxunaqlı və səlis dildə yazılmış, materiallar istifadə üçün rahatlıq və vaxta qənaət imkanı prinsipləri əsasında tərtib edilmişdir.

Yuxarıda deyilənlər əminlik yaradır ki, bu nəşr hüquqşünaslar, vergi mütəxəssisləri, mühasiblər, maliyyəçilər, maliyyə, gömrük və bələdiyyə orqanları işçiləri, uyğun ixtisas üzrə təhsil alan tələbələr və vergi ödəyiciləri üçün faydalı olacaq.

 

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 7.