Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prezidentinin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli 2269 nömrəli sərəncamının icrası ilə əlaqədar Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılmasını, muzeyin zəruri avadanlıqlarla təchiz olunmasını və eksponatlarla zənginləşdirilməsini, eləcə də ərazisinin abadlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 1.