Redaksiyada görüş

 

İyulun 19-da "Azərbaycan" qəzetinin redaksiyasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmen ilə görüş keçirildi. Səfiri salamlayan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetinin tarixi barədə qısa məlumat verdi. Bildirdi ki, "Azərbaycan" qəzeti müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi 1918-ci ildə yaradılmışdır. 1920-ci il aprelin 28-nə kimi 443 nömrəsi işıq üzü görən qəzet bolşeviklərin hakimiyyətə gəlməsindən sonra bağlanmış və sovet dövründə bu adda qəzetin nəşri qadağan edilmişdir. Yalnız ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra "Azərbaycan" qəzeti Milli Məclisin orqanı və rəsmi dövlət nəşri kimi yenidən fəaliyyətə başlamışdır.

Bəxtiyar Sadıqov bildirdi ki, bu günlərdə Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü tamam olacaq. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzetinin nəşri ilə başlayan Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib. "Əkinçi"nin nəşrə başlamasından 123 il sonra, 1998-ci ildə xalqın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanda mətbuat üzərində senzura ləğv edilib. Bu gün isə Prezident İlham Əliyev tərəfindən mətbuata böyük qayğı göstərilir. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə çapelektron media böyük inkişaf yolu keçib.

Azərbaycan-Böyük Britaniya münasibətlərindən danışan Bəxtiyar Sadıqov iki ölkə arasında bir sıra, xüsusən enerji sahəsində mühüm əməkdaşlığın olduğunu diqqətə çatdırdı. Bununla belə, qeyd etdi ki, bəzən Böyük Britaniyanın mətbu orqanlarında birtərəfli mənbələrə söykənən və iki ölkə arasındakı mehriban münasibətlərin ruhuna zidd olan məqalələrin yer alması təəssüf doğurur.

Bəxtiyar Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq təəssüflə qeyd etdi ki, BMT-nin, Avropa Şurasının və digər təşkilatların qətnamələrinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət bu problemə ikili standartlardan yanaşır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının hüquqları tapdalansa da, dünya buna göz yumur. Səfirin diqqətinə çatdırıldı ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və istənilən yolla işğalçı Ermənistana öz yerini göstərəcək.

Görüş üçün təşəkkürünü bildirən səfir Piter Beytmen Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü ilə  bağlı bir sıra mətbuat orqanları ilə tanışlıq  niyyətində olduqlarını dedi. Mətbuatın cəmiyyətdəki rolunun əhəmiyyətinə toxunan səfir Azərbaycanda açıq media mühitinin olduğunu bildirdi. Böyük Britaniya mətbuatında Azərbaycanla bağlı dərc olunan məqalələrə gəldikdə isə Piter Beytmen qeyd etdi ki, onun ölkəsində mətbuat Böyük Britaniyanın kral ailəsinin üzvlərinə, hakimiyyət orqanlarına və yüksək vəzifəli dövlət məmurlarına qarşı da tənqidi yanaşır. Onun sözlərinə görə, hətta bəzən mətbuat müsbət məqamları kənara qoyub yalnız tənqid yolunu tutur.

Azərbaycanın Böyük Britaniya ictimaiyyəti tərəfindən kifayət qədər tanındığını deyən səfir əlavə etdi ki, BMT Təhlükəsizlik Şurasına üzvlük və "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ölkəmizi daha da yaxından tanıtmışdır. Qonaq ümidvar olduğunu bildirdi ki, Azərbaycan idmançıları London olimpiadasında uğurla çıxış etməklə öz ölkələrini bütün dünyaya daha yaxından tanıdacaqlar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında söhbət aparıldı. "Azərbaycan" qəzetinin yaradıcı kollektivinin fəaliyyəti ilə tanış olanredaksiyadan yüksək təəssüratla ayrılan səfirə "Azərbaycan" qəzeti tərəfindən hazırlanan kitablar hədiyyə olundu.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 3.