“Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının layihəsi ictimai diskussiya
üçün təqdim edilmişdir
Azərbaycanın son dövrlərdə həyata keçirdiyi islahatlar həyat fəaliyyətinin bütün sahələrində ciddi nəticələrə nail olmağa şərait yaratmışdır. Ölkədə makroiqtisadi sabitlik, dinamik iqtisadi artım əldə edilmiş, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahələrində ciddi uğurlar qazanılmış, iqtisadi və sosial infrastrukturlar təkmilləşdirilmişdir. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda keçid dövrü artıq başa çatmışdır.
Bu gün Azərbaycan inkişafın yeni mərhələsinin astanasındadır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır.
Bu sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən müvafiq dövlət orqanları, elmi təşkilatlar və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə, 2020-ci ilə qədər olan dövrdə həyatımızın geniş əhatəli proqramı olan "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsi hazırlanmışdır.
Bu mühüm sənəd on bir bənddən ibarətdir: "Mövcud vəziyyət", "Qlobal və yerli çağırışlar", "Azərbaycan-2020: strateji baxış və əsas prioritetlər", "Yüksək rəqabət gücünə malik iqtisadiyyata doğru", "Nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi. Bölgələrin tarazlı inkişafı", "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin olunması", "İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması", "Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi", "Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi", "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi", "Ətraf mühitin qorunması və ekologiya məsələləri".
Müstəqilliyin 20 ili ərzində qazanılmış uğurlar, davamlı iqtisadi inkişaf, sabaha inamlı baxış, ölkəmizin regionda lider mövqeyi ona, Prezident başda olmaqla öz qarşısına daha yüksək və möhtəşəm məqsədlər qoymaq və onlardan irəli gələn mühüm vəzifələri müəyyən etmək imkanı verir.
"Azərbaycan-2020" gələcəyə baxış" konsepsiyasının layihəsi bu gün Azərbaycan Prezidentinin saytında (www.rresident.az) ictimai diskussiya üçün təqdim edilmişdir. Beləliklə, konsepsiyanın təkmilləşdirilməsi məqsədilə ictimai debatlar və diskussiyalar ölkəmizi tərəqqiyə və firavanlığa doğru aparan səmərəli proqram formalaşdırmağa imkan verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 20 iyul.- S. 3.