İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abratenin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur

 

 Azərbaycanda səfərdə olan İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abratenin başçılıq etdiyi nümayəndə heyəti iyulun 19-da Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.

Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Sonda Biacio Abrateyə "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 3.