“Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsi azərbaycanlı
icması” İctimai
Birliyi Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ
bölgəsində keçiriləcək qondarma
«prezident seçkiləri» ilə
bağlı bəyanat yaymışdır
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma prezident seçkiləri ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, iyulun 19-da Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq qondarma prezident seçkiləri keçirilməsi nəzərdə tutulmuşdur. Bu qeyri-qanuni seçkilər Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn normalarını və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlı əhalinin seçki hüquqlarını nəzərə almır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.
Bəyanatda vurğulanır ki, Ermənistan Respublikası beynəlxalq hüququn normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə "seçkilər" təşkil edir. Ermənistan Respublikası qanunsuz hərəkətləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasında dialoq imkanlarına köklü zərbə vurur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün, ilk növbədə, bölgənin qaçqın düşmüş azərbaycanlı icmasının doğma torpaqlarına geri qayıtması vacibdir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması münaqişənin həllinə müsbət töhfə verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsi zəruri hesab edilir.
Sənəddə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın qeyri-konstruktiv hərəkətlərinin beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanacağına, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlərin görüləcəyinə ümidvar olduğu qeyd edilmişdir.
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi bu qondarma prezident seçkilərinin keçirilməsinə etirazını bildirərək qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.