Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

 

İyulun 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Meksika Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə E.Məmmədyarov Azərbaycan-Meksika münasibətlərinin uğurlu inkişafından məmnunluğunu bildirmişdir.

Meksikanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən O.M.Arse Paniaqua bunun üçün geniş potensialın mövcudluğunu qeyd etmişdir. Azərbaycanın Meksikada səfirliyinin açılmasını yüksək qiymətləndirən Deputatlar Palatasının prezidenti ölkəsinin də Bakıda səfirliyinin təsis edilməsinin vacibliyini vurğulamışdır.

Dostluq əlaqələrimizin möhkəmləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini qeyd edən E.Məmmədyarov Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərara görə minnətdarlığını bildirmişdir.

Meksikada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyinin xatırlandığı görüşdə ölkəmizdə də Meksika Mədəniyyəti Günlərinin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşdə, həmçinin enerji, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.