Meksika xarici neft şirkətləri ilə əlaqə qurmaq üçün Azərbaycanın təcrübəsindən yararlanacaqdır

 

İyulun 19-da Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ölkəmizdə səfərdə olan Meksika Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Natiq Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmli hadisə olduğunu demişdir. Nazir Meksika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquerin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunması münasibəti ilə təbriklərini çatdırmışdır.

N.Əliyev qeyd etmişdir ki, həm Meksika, həm də Azərbaycan dənizin dərinsulu hissələrində neft hasilatı ilə məşğul olur və bu sahədə iki ölkə arasında əlaqələr mövcuddur, təcrübə mübadiləsi həyata keçirilir. Təcrübə və yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir.

Oskar Martin Arse Paniaqua əməkdaşlıq sahələrindən biri kimi meksikalı tələbələrin Azərbaycanda neft sahəsində təhsil almalarını qeyd etmişdir. O, ölkəsinin xarici neft şirkətləri ilə əlaqələrin qurulmasında Azərbaycanın təcrübəsinə ehtiyacı olduğunu bildirmişdir.

Oskar Martin Arse Paniaqua demişdir ki, Azərbaycan öz təcrübəsini bizimlə bölüşsə, bundan istifadə edərək birlikdə çalışa bilərik.

Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.