Ata yolu ilə

 

 Bir-birimizin gözü qarşısında yaşlaşırıqmı deyək, böyüyürükmü deyək, bilmirik. Bütün hallarda ayları, illəri arxada qoya-qoya Tanrının bəxş etdiyi ömrü yaşayırıq. Kimi ömür dediyimiz bu zamanın mənasını onu sadəcə, yola vermək bacarığında, kimi yaranan hər fürsətdən maksimum istifadə edərək yararlanmaqda, kimi də özündən sonra kiçicikolsa, bir iz qoymaqda görür. biz jurnalistlərin də taleyi elə gətirib ki, bu gün yazdığımız hər söz gələcək tarixin keçmiş gündəliyi, müəllifininsə qoyduğu izdir. Çünki əsl jurnalistin nə yaşadığı ömrü boşuna yola vermək, nə də bəxtinə düşmək ehtimalı çox az olan (bəlkə olmayan) əlverişli fürsətdən yararlanmaq imkanı var. Bizim üçün yeganə əlverişli fürsət yubileylərimizdə bir-birimizi təbrik etmək, ömrün arxada qalan günlərini boş yerə yaşanmadığını bildirməkdir. Və redaksiyamızda bu fürsətdən istifadə etməyin hamımızın ürəyincə olan bir ənənəsi mövcuddur - onu oxucularımızla bölüşmək.

Bu gün redaksiyamızda yenə də yubileydir. Müxbirimiz Elxan Qənbərlinin 50 yaşı tamam olur. E.Qənbərli jurnalistikaya təsadüfən gəlməyib. Özünün dediyi kimi, uşaqlığı mərhum atası Eldar Qənbərlinin işlədiyi "Kənd həyatı" jurnalının redaksiyasında keçib. Yeri gəlmişkən qeyd edək ki, Eldar Qənbərli dövrünün tanınmış jurnalistlərindən idi. 30 ildən çox çalışdığı "Kənd həyatı" jurnalında məsul vəzifələrdə işləyib, halal zəhmətlə - qələmlə dolanıb. Bəlkə də bu səbəbdən oğlu Elxanı da jurnalist görmək istəyirdi. Elə onu özü ilə tez-tez redaksiyaya gətirməsi, hətta bəzən ezamiyyətlərə aparması bu istəkdən irəli gəlirdi. Bununla belə, Elxanın yalnız atasının arzusu ilə jurnalist peşəsini seçməsini də iddia etmək düzgün olmazdı. Elxan hələ orta məktəbdə oxuyarkən tez-tez müxtəlif redaksiyalara, xüsusən  "Azərbaycan təbiəti" jurnalına çəkdiyi fotolarla müşayiət olunan xəbərlər göndərər və dərc edilərdi. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib, ixtisası üzrə işlədiyi illərdə də redaksiyalarla əməkdaşlığını kəsməmişdi, hətta bu gün artıq 18 ildən çox işlədiyi qəzetimizin bir neçə il ictimai əsaslarla müxbiri olmuşdu.

Elxan Qənbərli xaraktercə çox prinsipialdır. Bəzən onun bu prinsipiallığı tərslik kimigörünür. Çünki onu inandığı, əmin olduğu mövqedən döndərmək asan deyil. Amma hamı bilir ki, Elxanın öz mövqeyini belə prinsipiallıqla müdafiə etməsi yalnız həqiqətin üzə çıxması üçündür. E.Qənbərlinin bu həyat kredosu onun jurnalist yaradıcılığına da xasdır. Xüsusən bölgə müxbiri işlədiyi zaman qələmə aldığı mövzular, toxunduğu problemlər aktuallığı, prinsipiallığı ilə seçilirdi. Onun həmin dövr ərzində yazdığı çox az məqalə var ki, səs-küysüz ötüşsün, müxtəlif dairələrdə araşdırma, müzakirə mövzusu olmasın. Əksər vaxt da müəllif haqlı çıxırdı. Həqiqəti yazdığı, ədaləti müdafiə etdiyi üçün.

Elxan Qənbərli redaksiyada bu gün əsasən internetlə işləyir. Dünyanın elm aləmində baş verən yenilikləri, nadir hadisələri öz jurnalist süzgəcindən keçirərək xəbərlər, şərhlər hazırlayır. Birforumlarda fəal iştirak edir, xüsusən erməni millətçiləri ilə qızğın mübahisələr aparır. Deyir ki, Qarabağda sabahkı qələbəmiz informasiya cəbhəsindəki bugünkü mübarizədən, həqiqətin üzə çıxarılmasından keçir. İnformasiya cəbhəsininsə əsgərləri jurnalistlərdir. Bu mənada 50 yaşlı Elxan Qənbərli həm də vətənpərvər həmkarımızdır.

 

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 5.