Mətbuat ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında maarifləndirici rol oynayır

 

İyulun 19-da Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə milli mətbuatımızın yaranmasının 137 illiyinə həsr olunmuş  "Ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında mətbuatın maarifləndirici rolu" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan milli mətbuatının yaranmasının bu il 170 illik yubileyini qeyd etdiyimiz görkəmli maarifçipedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlı olduğunu bildirmişdir.

Komitə sədri vurğulamışdır ki,  ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1995-ci ildən başlayaraq hər il  iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur. 

Mətbuat nəsillər arasında estafet, körpüdür, - deyən H.Hüseynova qeyd etmişdir ki,   1918-ci ildə yaradılmış  Azərbaycan Xalq Cümhuriyyəti dövründə  baş verən siyasi hadisələr və onların mahiyyəti bizim dövrümüzə məhz mətbuat vasitəsilə gəlib çatmışdır.

Komitə sədri demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev jurnalist peşəsini yüksək qiymətləndirirdi. Hesab edirdi ki, mətbuat böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək  bacarığı tələb edən sahədir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov  Həsən bəy Zərdabinin yaratdığı və Azərbaycanın ilk milli mətbuat orqanı olan "Əkinçi" qəzetinin xalqın milli şüurunun formalaşmasındakı rolundan danışaraq demişdir ki, bu gün demokratik ənənələr bərpa olunmuş və ölkədə nəşr edilən yüzlərlə qəzet cəmiyyətin ən aktual problemlərinin işıqlandırılmasında fəallıq nümayiş etdirərək özlərinə geniş oxucu auditoriyası toplamışdır.

Ə.Amaşov  bildirmişdir  ki, ölkəmizin ilk qadın mətbu orqanı  olan "İşıq" qəzeti ötən əsrin əvvəllərində fəaliyyət göstərərək Azərbaycan qadınının maarifləndirilməsində, dünyagörüşünün formalaşmasında  mühüm rol oynamışdır. Bu gün Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında çalışan jurnalistlərin təqribən 60 faizini qadınlar təşkil edir. Bu fakt Azərbaycan qadınının media sahəsində də fəal olduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, Fondun konsepsiyasının əsas istiqamətlərindən biri gender, ailə, demoqrafiya məsələlərinin mətbuatda genişobyektiv şəkildə işıqlandırılmasıdır.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova mətbuatın cəmiyyətdəki rolundan, onun maarifçilik missiyasından söhbət açmışdır.

Milli Məclisin deputatlarının, qadın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və jurnalistlərin iştirak etdikləri konfransda Azərbaycan mətbuatının hazırkı durumu, qadınların mətbuatın inkişafında rolu, bu sahədəki problemlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 5.