Keçmiş məhkumların sosial
adaptasiyası məsələləri həll olunur
İyulun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu qurumun və "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, tədbiri açan nazirliyin şöbə müdiri Elnur Sultanov çətin həyat şəraitində olan insanların, o cümlədən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin səmərəli sosial təminat sistemi ilə əhatə olunmasının prioritet əhəmiyyət kəsb etdiyini, bu sahədə məqsədyönlü işlərin görüldüyünü vurğulamışdır.
Bildirilmişdir ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin və bu şəxslərə təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur.
Diqqətə çatdırılmışdır ki, keçmiş məhkumlar tərəfindən təkrarən törədilən cinayətlərin əksəriyyəti müxtəlif məsələlərlə əlaqədar hüquqi, tibbi və psixoloji yardımların göstərilməməsi səbəblərindən baş verir. Xüsusilə də azadlığa çıxan qadınlar bir çox hallarda insan alverinin qurbanı olmaq təhlükəsi ilə üz-üzə qalırlar.
Tədbirdə keçmiş məhkumların müvəqqəti yaşayış yeri probleminin həlli, eləcə də onların sosial adaptasiyası məqsədilə sosial adaptasiya mərkəzlərinin yaradılmasının labüdlüyü vurğulanmış və ölkəmizdə belə mərkəzlərin yaradılmasının nəzərdə tutulduğu qeyd edilmişdir.
"Dəyirmi masa"da cəza çəkməkdən azad edilmiş şəxslərin
qeydiyyatdan keçirilməsi, onlara lazımi sənədlərin verilməsi
və ehtiyacı olan keçmiş
məhkumların birdəfəlik maliyyə yardımı ilə
təmin olunması məsələləri ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 20 iyul.- S. 5.