“Ruhum
Qarabağlıdır” filminin
təqdimatı olmuşdur
İyulun 19-da Azərbaycan Mətbuat Şurasında "Ruhum Qarabağlıdır" filminin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun ideya müəllifi olduğu filmin ssenarisi tanınmış jurnalist-publisist, "Azərbaycan" qəzetinin əməkdaşı Bəxtiyar Qaracaya məxsusdur. Filmin ideya motivinin əsasını Milli Məclisin deputatı Qənirə Paşayevanın eyniadlı şeirləri təşkil edir.
Mərasimi Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq filmin təqdimatının Ağdamın ermənilər tərəfindən işğalının ildönümü ərəfəsində keçirilməsinin mahiyyətini əsaslandıraraq bunun ictimai-siyasi əhəmiyyət daşıdığını vurğulamışdır. Filmin ideyasının önündə isə daxilimizdə bir bütövlük yaşatmaq amalı dayandığını demişdir.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Aslanov Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş filmdə bütün iştirakçıların peşəkar aktyorlar deyil, müharibənin, qaçqın və köçkün həyatının ağrı-acılarını yaşayan xocavəndlilər olduğunu demişdir. Filmin orijinallığı ondadır ki, orada bir kimsə danışmır. Amma bütün kadr boyu görünənlərin hər biri faciələrə şahidlik edir. Bu görüntülər tamaşaçıya vətən torpaqlarının azad edilməsinə hər an hazır olmağı aşılayan mübariz ruhlu çağırışdır.
Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək "Ruhum Qarabağlıdır" şeirlər silsiləsinin yaranma tarixindən danışmışdır.
Deputat həmin şeirlərin Qarabağ icmasındakı görüşün təsiri altında yazıldığını, saytlardan birində yerləşdirildikdən sonra Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının ideyası əsasında lentə alındığını demişdir. Belə bir nümunənin yaradılmasından filmin nümayişi zamanı xəbər tutduğunu diqqətə çatdıran Q.Paşayeva bu ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirmişdir.
Sonra film nümayiş olunmuşdur.
Tədbirdə Mətbuat Şurası idarə heyətinin üzvləri, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təmsilçiləri, ziyalılar və KİV nümayəndələri filmlə bağlı müxtəlif rəy və təkliflər səsləndirmişlər.
Mərasimdə filmin rus dilində olan
versiyasının Rusiyanın müxtəlif vilayətlərində
təqdimatı, kütləvi tirajının orta
məktəblərdə yayılması ilə bağlı təkliflər
səslənmişdir.
Azərbaycan.- 2012.- 20 iyul.- S. 6.