Elnur Aslanov: İnkişaf
Konsepsiyasını ictimai müzakirəyə
çıxarmaqda məqsəd Azərbaycanın gələcək
inkişaf prioritetlərinin, onlara nail olmaq
üçün yeni
vasitələrin təyin edilməsində hər bir vətəndaşın
iştirakını təmin etməkdir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı sərəncam imzalamışdır. Konsepsiyanın hazırlanması ilə bağlı geniş ictimai müzakirələr aparılır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov AzərTAc-ın müxbirinə müsahibə vermişdir.
- Elnur müəllim, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının ictimai müzakirəyə çıxarılmasının əsas məqsədi nədir?
- Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması Azərbaycanın bugünkü inkişaf xüsusiyyətlərinin mahiyyətindən irəli gələn təşəbbüsdür. Bazar iqtisadiyyatına keçidin qısa müddət ərzində uğurla başa çatdırılması və liberal iqtisadi münasibətlərin təşəkkülü bir tərəfdən iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri etmiş, digər tərəfdən isə qloballaşan dünyaya inteqrasiya ilə bağlı çağırışların aradan qaldırılmasını təmin etməyə sövq etmişdir. Bu amilləri nəzərə alan yeni İnkişaf Konsepsiyasının layihəsi artıq hazırlanmışdır.
Konsepsiyanı ictimai müzakirəyə çıxarmaqda məqsəd Azərbaycanın gələcək inkişaf prioritetlərinin, onlara nail olmaq uçun yeni vasitələrin təyin edilməsində hər bir vətəndaşın iştirakını təmin etməkdir.
Demokratiyanın mahiyyəti də məhz ondan ibarətdir ki, vətəndaş azad şəkildə öz ölkəsinin idarə edilməsində birbaşa və ya dolayısı iştirak etsin. Digər bir məqam isə ondan ibarətdir ki, biz gənc nəslin fikir və mülahizələrinə həssas yanaşmalıyıq, çünki müasir dövrün tələblərinə uyğun yüksək təhsil, peşə hazırlığına malik olan gənclər İnkişaf Konsepsiyasının nəzərdə tutduğu biliklərə əsaslanan informasiya cəmiyyətinin əsas aparıcı qüvvəsidir. Onlar, eyni zamanda, Azərbaycanın kadr potensialıdır, gələcəkdə bu Konsepsiyanın həyata keçirilməsinə və yeni konsepsiyaların hazırlanmasına məsul olan insanlardır. Biz indidən onların bu potensialından istifadə etməliyik. Odur ki, gənclər İnkişaf Konsepsiyasının müzakirələrində fəal iştirak etməli, öz fikir və mülahizələrini paylaşmalıdırlar. Əlbəttə, bu məqsədlə tədbirlər keçiriləcək, diskussiyalar təşkil ediləcəkdir. Konsepsiyanın müzakirəsində iştirak edən hər bir vətəndaş öz mülahizələrini, fikir və təkliflərini ya elektron poçt (e-ünvan: concept2020@pa.gov.az) vasitəsilə, ya da birbaşa Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərə bilərlər.
Qarşımızda duran əsas məsələ ondan ibarətdir ki, biz gələcək inkişafımızın ilkin mərhələsini, yəni sonranı necə görürük. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz Azərbaycanın 30-40 ildən sonrakı inkişafı üzərində düşünməliyik, onun təməlini indidən hazırlamalıyıq. Bu gün atılan hər bir addım uzunmüddətli perspektivə hesablanmışdır, Azərbaycanın firavan gələcəyinin təmin edilməsinə yönəlmişdir. Sosial amil Azərbaycanın dövlət siyasətinin əsas elementidir.
Sovet İttifaqı dağılandan sonra yaşanan çətinliklərə baxmayaraq, son illər həyata keçirilən iqtisadi siyasət əhalinin həyat səviyyəsinin tədricən yaxşılaşmasına səbəb olmuşdur. Bu siyasət davam etdirilir, Azərbaycan yeni rifah dövləti quruculuğunda inamla irəliləyir.
Azərbaycanın enerji resurslarının yeni neft strategiyasına uyğun rasional istifadəsi ölkənin maliyyə imkanlarının genişlənməsinə səbəb olmuş, regionda aparıcı mövqeyə çıxmasını şərtləndirmişdir. Bu imkanların daha optimal istifadəsi üçün "qara qızıl"ın insan kapitalına çevrilməsi prosesi başlanmışdır. Bu, o deməkdir ki, Azərbaycan dövləti gələcəyini keyfiyyətli təhsilə bağlayır.
Heç kimə sirr deyildir ki, insan hər bir inkişafın əsasında duran mühüm amildir. Biz gəncləri dünyanın tanınmış ali təhsil ocaqlarına oxumağa göndərməklə yanaşı, eyni zamanda, yerli təhsil imkanlarını yenidən dəyərləndirib gənclərimizin müasir tələblərə cavab verən təhsilini davam etdirmələrini və müxtəlif sahələrdə peşə hazırlığına yiyələnmələrini təmin edirik. Hər bir gəncin düzgün ixtisas və peşə seçimi onun intellektual potensialını, bacarığını üzə çıxarmağa və fəaliyyətini daha səmərəli istiqamətə yönəltməyə imkan verir. İnnovasiya fəaliyyəti məhz buradan başlayır.
Qeyd etmək lazımdır ki, davamlı inkişaf konsepsiyası ümumi baxışımızın əsas mahiyyətini təşkil edir. Biz hazırkı nəslin çoxşaxəli inkişaf tendensiyalarını təmin etməklə yanaşı, gələcək nəsillərin bu inkişafdan tam bəhrələnməsini və daha innovativ imkanlara malik olmasını təmin etməliyik. Bu isə prosesin tam, sistemli şəkildə nəzərdən keçirilməsini şərtləndirir. Bu baxımdan ətraf mühitin qorunması təkcə iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin deyil, həmçinin hər bir insanın gündəlik fəaliyyətinin məqsədinə çevrilməlidir.
Göründüyü kimi, İnkişaf Konsepsiyası çox ambisiyalı və cəmiyyəti maraqlandıran bütün istiqamətləri özündə əks etdirən orta müddətə hesablanmış, lakin uzun müddəti əhatə edən strategiyadır.
AzərTAc
Azərbaycan.- 2012.- 21 iyul.- S. 2.