Konstitusiya Məhkəməsi Plenumunun iclası olmuşdur
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclası olmuşdur.
İclasda S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 7 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Y.Hacıyev və İ.Şirəliyevanın S.Bayramovaya və digərlərinə qarşı Tərtər Rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və onun əsasında verilmiş şəhadətnamənin etibarsız sayılması iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 7 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc
Azərbaycan.- 2012.- 21 iyul.- S. 2.