Azərbaycanın
işğal olunmuş
Dağlıq Qarabağ bölgəsində
növbəti seçki şousu
Beynəlxalq təşkilatlar
separatçı rejimin keçirdiyi seçkiləri kəskin
pisləyirlər
İyulun
19-da Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ bölgəsində separatçı rejim növbəti
dəfə qondarma "prezident seçkiləri"
keçirdi. Beynəlxalq aləmdə qəbul edilməyən
və nəticələri hələ əvvəlcədən
tanınmayan bu seçki imitasiyası, sadəcə,
Dağlıq Qarabağın "müstəqil respublika"
olduğunu dünyaya tanıtmaq adına qurulmuş çirkin
ssenariyə uyğun hesablanmış bir vasitədir.
Aydındır
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində rəsmi Bakının
diplomatik mövqeyinin günü-gündən güclənməsi
işğalçı tərəfdə daha böyük
narahatçılığa yol açır və belə
hesab olunur ki, bu münaqişənin həllində əvvəlki
dövrlə müqayisədə Azərbaycan daha güclü
şəkildə dəstəklənir və problemin tezliklə
çözümü üçün rəsmi Yerevana təzyiqlər
artır.
Beynəlxalq
ictimaiyyət münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
mümkün qədər tez həllinə xüsusi maraq
göstərir. Buna nail olmaq üçün isə Ermənistandan
konstruktiv addımlar atmaq tələb edilir. Ermənistanın
isə artıq bu tələblərdən imtina etmək
üçün heç bir manevr imkanı yoxdur. Ermənistanın
özündə də açıq etiraf edilir ki,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
Ermənistanın mövqeyi olduqca zəifləyib. Bunun əsas
səbəblərindən biri kimi istər sözügedən
münaqişə, istərsə də demokratiya və insan
hüquqları ilə bağlı beynəlxalq təşkilatlarda
Ermənistanla bağlı sərt, tənqidi xarakterli qətnamələrin
qəbul olunması göstərilir.
Belə
bir şəraitdə Ermənistana münaqişənin həllini
uzatmamaq üçün beynəlxalq təzyiqlər
artmaqdadır. Ona görə ki, real şəraitdə məhz
Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin həllində
əsas maneəyə çevrilib. Lakin dünya indi bu maneənin
davam etməsini istəmir.
Hadisələrin
bu səpkidə cərəyan etdiyi bir vaxtda
separatçıların iyulun 19-da keçirdikləri
"seçkilər" bu dəfə də beynəlxalq
ictimaiyyətin narazılığına səbəb olub.
"Seçkini"
pisləyən bəyanatlardan biri Avropa İttifaqının
xarici əlaqələr və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi xanım Ketrin Eştondan gəldi.
Onun sözlərinə görə,
Avropa İttifaqı "seçkilər"in
keçiriləcəyi konstitusion və hüquqi çərçivələri
tanımır: "Bu "seçkilər"in nəticələri
Avropa İttifaqı tərəfindən tanınmayacaqdır.
Mən tərəfləri münaqişənin
danışıqlar vasitəsilə Madrid prinsipləri əsasında
həlli yolunun tapılması üzrə səylərini fəallaşdırmağa
çağırıram. Avropa İttifaqının bu istiqamətdəki
səylərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm".
ATƏT-in
fəaliyyətdə olan sədri, İrlandiyanın Baş
nazirinin müavini və xarici işlər naziri Eymon Gilmor isə
verdiyi bəyanatda qeyd edir ki, ATƏT Dağlıq
Qarabağın müstəqilliyini tanımır. Buna görə
də "prezident seçkiləri"
razılaşdırılmış format altında
münaqişənin həll olunması üçün göstərilən
səylərə heç bir təsir göstərməməlidir:
"Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri
- ABŞ, Fransa və Rusiya Federasiyasının, eləcə də
mənim şəxsi nümayəndəm, səfir Anji
Kasprşikin münaqişənin danışıqlar əsasında
və sülh yolu ilə nizamlanması üçün tərəflərlə
apardıqları işi tam dəstəkləyirəm".
Türkiyənin
Xarici İşlər Nazirliyindən bu məsələ ilə
bağlı verilən bəyanatda isə bildirilir ki, Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində beynəlxalq hüququn
normalarına və prinsiplərinə zidd olaraq keçirilən
qondarma "prezident seçkiləri" BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin və ATƏT-in
prinsiplərinin pozulması xarakteri daşıyaraq
Dağlıq Qarabağda hüquqazidd mövcud vəziyyəti
birtərəfli şəkildə legitimləşdirmək səylərinin
bir nümunəsidir. Sənəddə o da vurğulanır ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi Cənubi Qafqazda sülhün, sabitliyin və
əməkdaşlığın bərqərar olunması
istiqamətində ciddi əngəl törətməkdə
davam edir. Bu münaqişə region ölkələri
arasında mehriban qonşuluğa və əməkdaşlığa
şərait yaradacaq atmosferin formalaşmasına mane olur. Bu səbəbdən
münaqişənin həllinə yönəlmiş səylərin
davam etdirilməsini dəstəkləyən Türkiyə bu
"seçki"ləri kəskin şəkildə pisləyir
və qanunsuz keçirilmiş "prezident seçkiləri"nin
nəticələrini tanımır.
Azərbaycan
Xarici İşlər Nazirliyi ölkəmizin işğal
olunmuş ərazilərində keçirilmiş qondarma
"prezident seçkiləri" ilə bağlı bəyanatla
çıxış edərək deyir ki, Ermənistan Respublikası Azərbaycanın
ərazilərini işğal etmək və yerli azərbaycanlı
əhaliyə qarşı etnik təmizləmə siyasəti
aparmaqla işğal olunmuş ərazilərdə qanunsuz rejim
yaradıbdır. Qondarma "seçkilər" Ermənistanın
Azərbaycan ərazilərinin davam edən
işğalının nəticələrini təşviq etmək
məqsədi güdən siyasətini ört-basdır etməyə
hesablanıb.
Bəyanatda
o da vurğulanır ki, legitim seçkilərin keçirilməsi
yalnız Ermənistanın işğalçı qüvvələrinin
işğal olunmuş ərazilərdən
çıxarılması, bölgədə həyatın
normallaşdırılması, işğal edilmiş ərazilərdən
qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsinin erməni və azərbaycanlı icmaları
arasında dialoq və əməkdaşlığın bərpası
üçün zəruri şəraitin yaradılmasından
sonra mümkün olacaqdır.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı
icması" İctimai Birliyinin işğal olunmuş
Dağlıq Qarabağ bölgəsində keçiriləcək
qondarma "prezident seçkiləri" ilə
bağlı yaydığı bəyanatda
vurğulanır ki, iyulun 19-da Azərbaycan Respublikasının
Ermənistan silahlı qüvvələrinin işğalı
altında olan Dağlıq Qarabağ bölgəsində beynəlxalq
hüququn norma və prinsiplərinə zidd olaraq qondarma
"prezident seçkiləri" Azərbaycan
Respublikasının Konstitusiyasını, beynəlxalq
hüququn normalarını və prinsiplərini kobud şəkildə
pozur və Dağlıq Qarabağ bölgəsində tarixən
yaşamış azərbaycanlı əhalinin seçki
hüquqlarını nəzərə almır. Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində
legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş ərazilərdən
çıxarılmasından, oradan qovulmuş azərbaycanlı
əhalinin öz doğma torpaqlarına qayıtmasından,
bölgənin azərbaycanlı və erməni icmaları
arasında dinc yaşayışın təmin olunmasından
sonra keçirilə bilər. Bəyanatda o da qeyd olunur ki, Ermənistan
Respublikası beynəlxalq hüququn normalarına, BMT-nin
Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların
qərarlarına əhəmiyyət verməyərək
artıq neçənci dəfədir ki, Azərbaycan
Respublikasının işğal altındakı ərazilərində
belə "seçkilər" təşkil edir.
Beynəlxalq
təşkilatlar və dövlətlər tərəfindən səslənən
bəyanatlardan o da hiss olunur ki, Ermənistan belə
"seçkilər"lə Dağlıq Qarabağın və
Azərbaycanın digər ərazilərinin işğalı
və bu ərazilərdə azərbaycanlı əhaliyə
qarşı həyata keçirdiyi etnik təmizləmə
siyasəti barədə kifayət qədər xəbərdar
olan beynəlxalq ictimaiyyəti hec vaxt aldada bilməyəcək.
Bütün
bunlar isə bir daha Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə əlaqədar diplomatik cəbhədə Azərbaycanın
birmənalı şəkildə üstün mövqedə
olduğunu göstərir. Bu reallığı dərk edən
Ermənistan əhalisinin marağında olan əsas məsələlərdən
biri də ölkə hakimiyyətinin mümkün qədər
münaqişənin həllində tez razılığa gəlməsidir.
Çünki bu gün ermənilər üzləşdikləri
problemlərin əksəriyyətinin bilavasitə Qarabağ
münaqişəsindən qaynaqlandığını daha
gözəl dərk edirlər. İndiyə kimi Ermənistan
iqtidarı müxtəlif yalançı vədlərlə
öz xalqını aldadaraq problemin həllini uzatmağa
çalışırdısa, artıq vəziyyət əsaslı
surətdə dəyişib. Həm beynəlxalq dairələr,
həm də Ermənistan əhalisi münaqişənin həllinin
mümkün qədər tezləşməsini istəyirlər.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.