ATƏT-in Daimi
Şurasının iclasında Azərbaycanın işğal
olunmuş ərazilərində keçirilmiş “prezident seçkiləri” ilə
bağlı bəyanatlar səsləndirilmişdir
Vyanada ATƏT Daimi Şurasının 921-ci iclası keçirilmişdir. İclasın gündəliyinə bir sıra məsələlər ilə yanaşı, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "prezident seçkiləri"nə xüsusi diqqət ayrılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı məsələ ötən həftə - iyulun 13-də ATƏT Daimi Şurasının 920-ci iclasında Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılmışdır. Nümayəndə heyətimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində qondarma "seçkilər"in beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirmiş, Daimi Şura üzvlərini Ermənistan tərəfindən dəstəklənən bu separatçı fəaliyyəti pisləməyə, həmçinin üzv dövlətləri öz vətəndaşlarını qondarma "seçkilər"də müşahidəçi kimi iştirakından çəkindirməyə çağırmışdır.
İyulun 19-da keçirilmiş iclasda Avropa İttifaqı adından çıxış etmiş Kiprin daimi nümayəndəsi Avropa İttifaqının (Aİ) ali komissarı Ketrin Eştonun məsələyə dair səsləndirdiyi bəyanatı Daimi Şura üzvlərinin diqqətinə çatdırmışdır. Nümayəndə bu bəyanatın Daimi Şurada təmsil olunan Aİ ölkələri, habelə Xorvatiya, Makedoniya, Monteneqro, İslandiya, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Linxtenşteyn, Norveç, Moldova, Andorra və San-Marino tərəfindən dəstəkləndiyini bildirmişdir.
ATƏT-in Minsk qrupu həmsədrləri adından çıxış etmiş Fransanın daimi nümayəndəsi isə qeyd olunan məsələyə dair ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən müvafiq bəyanatın yayılacağını bildirmişdir.
Daimi Şurada çıxış etmiş Türkiyənin ATƏT-dəki daimi nümayəndəsi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı Türkiyənin rəsmi mövqeyini bildirmişdir. Nümayəndə bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən yayılmış bəyanatı Şura üzvlərinin diqqətinə çatdırmışdır.
Sonra Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Qalib İsrafilov işğal altındakı Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "prezident seçkiləri"nə dair Aİ-nin və Türkiyənin səsləndirdiyi bəyanatlara görə təşəkkürünü bildirmişdir. Q.İsrafilov Azərbaycan ərazilərində keçirilən qondarma "seçkilər"in Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməyə yönəlmiş növbəti addım olduğunu, lakin beynəlxalq ictimaiyyətin Ermənistanın bu cəhdini qəbul etmədiyini vurğulamışdır.
O, Dağlıq Qarabağ regionunun azərbaycanlı əhalisinin iştirak etmədiyi və Azərbaycan hökumətinin rəsmi razılığı olmadan qondarma "seçkilər"in keçirilməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn kobud şəkildə pozulduğunu qeyd etmişdir.
Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi isə çıxışında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "seçkilər"ə hüquqi don geyindirməyə səy göstərmişdir.
Daimi Şuranın sədri, İrlandiyanın ATƏT-dəki daimi nümayəndəsi Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) tərəfindən ona Azərbaycan ərazilərində keçirilən qondarma "seçkilər" ilə bağlı sualın ünvanlandığını bildirmişdir. Daimi nümayəndə həmin suala dair verdiyi cavabı Daimi Şura üzvlərinin diqqətinə çatdıraraq ATƏT-in Dağlıq Qarabağın müstəqilliyini tanımadığını vurğulamışdır.
Elgün NİFTƏLİYEV
Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.