Almaniya Bundestaqının CDU/CSU fraksiyası Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini pisləmişdir

 

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə sözçüsü Filip Missfelder və xarici əlaqələr komitəsindəki baş nümayəndəsi Karl-Qeorq Velman iyulun 19-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirilməsi ilə əlaqədar bəyanat vermişlər.

Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, bəyanatda deyilir ki, beynəlxalq hüquqla tanınmamış "Dağlıq Qarabağ respublikası"nda iyulun 19-da keçirilmiş qondarma  "prezident seçkiləri" beynəlxalq birliyin münaqişənin sülh yolu ilə həll olunması istiqamətindəki səylərinə böyük zərbədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı beynəlxalq hüquqla Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Almaniyanın, eləcə də Avropa İttifaqının (Aİ) mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə mümkündür.

Bəyanatda bildirilir ki, hələ 2010-cu ildə Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni nə Almaniya, nə də Aİ tanımışdır. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton 2010-cu il mayın 25-də keçirilən "seçkilər" haqqında bildirmişdir ki, qurum Dağlıq Qarabağdakı "parlament seçkiləri"nin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə belə bir hadisə ilə zərər vurmaq yolverilməzdir. Ketrin Eşton cari qondarma "prezident seçkiləri" ilə bağlı da eyni münasibəti bildirmişdir.

Bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq davam etməsi problemin nizamlanmasına yenidən baxmaq və həll prosesinə təkan vermək üçün bir əsasdır. Münaqişənin dinc həlli və münasibətlərin normallaşdırılması bütün Cənubi Qafqaz bölgəsində müsbət iqtisadi və ictimai impulslara səbəb ola bilərdi. Buna görə də ATƏT-in Minsk qrupu, NATO və BMT Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmalıdır.

Bəyanatda vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan ərazilərinin işğalı 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilmişdir. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu münaqişənin həlli üçün çalışır. Lakin vasitəçilik səylərinin 20 ildir davam etməsinə baxmayaraq, status-kvonu dəyişmək cəhdləri hələ də nəticə verməmişdir.

 

 

Vüqar Seyidov

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.