Benilüks Azərbaycanlıları Konqresi erməni separatçılarının
Azərbaycanın işğal olunmuş ərazilərində keçirdikləri
qondarma “seçkilər”i pisləyən bəyanat
yaymışdır
Mərkəzi ofisi Niderland Krallığının paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 19-da qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən üzdəniraq "prezident seçkiləri" haqlı olaraq heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamışdır. Bu cür "seçkilər"in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi istiqamətində aparılan danışıqlara təsir etməsi və zərər vurması fikri ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların Dağlıq Qarabağda keçirilən "seçkilər"lə bağlı bəyanatlarında öz əksini tapmışdır. Onlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini bir daha bəyan etmişlər.
Artıq 20 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın 20 faizi işğalçılıq siyasəti aparan, "dənizdən dənizə imperiya yaratmaq "xülya"sına düşən Ermənistan tərəfindən zəbt olunmuş, burada qondarma "Dağlıq Qarabağ Respublikası" yaradılmışdır. Dünyanın heç bir dövləti, beynəlxalq qurumları bu dövləti tanımamışdır və orada keçirilmiş "prezident seçkiləri" də dünya dövlətləri tərəfindən qəbul olunmamışdır.
Vətəndən uzaqlarda fəaliyyət göstərən, Azərbaycan həqiqətlərini olduğu şəkildə avropalılara çatdıran Benilüks Azərbaycanlıları Konqresi də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "prezident seçkiləri"nin heç bir hüquqi əsası olmadığını bildirən və onu pisləyən bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: "Benilüks Azərbaycanlıları Konqresi qondarma "Dağlıq Qarabağ Respublikası"nı qeyri-legitim hesab edir, orada keçirilən "prezident seçkilərini" tanımır.
Konqres dünyanın bütün dövlətlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-sərtsiz azad etməsində Azərbaycan dövlətinə dəstək olmağa, erməni silahlı birləşmələri tərəfindən zorla doğma torpaqlarından çıxarılan və hüquqları pozulan bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasında, hüquqlarının bərpa olunmasında Azərbaycan dövlətinin apardığı haqq işini müdafiə etməyə çağırır".
Əsgər
Əliyev
Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.