İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda qondarma prezident seçkilərini tanımır

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"ni tanımır.  AzərTAc İƏT-in rəsmi saytında yerləşdirilmiş məlumata istinadla xəbər verir ki, bu fikri təşkilatın baş katibi Ekmələddin İhsanoğlu söyləmişdir.

Baş katib vurğulamışdır ki, İƏT Ermənistan ilə Azərbaycan arasında münaqişənin dinc və ədalətli yolla, ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət edilməsi əsasında həllinin axtarışını dəstəkləməkdə davam edir.

Aparıcı beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın separatçı rejiminin keçirdiyi qondarma "prezident seçkiləri" tərəfindən tanınmamışlar. Onlar belə hesab edirlər ki, bu "seçkilər" Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə əsla şərait yaratmır.  Avropa diplomatiyasının rəhbəri Ketrin EştonNATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Ceyms Appaturay da bu "seçkiləri" tanımadıqlarını bildirmişlər. Azərbaycan, Türkiyə və Rumıniya xarici işlər nazirlikləri Dağlıq Qarabağda "seçkilər" keçirilməsini pisləmişlər.

Bu barədə bəyanatlarda deyilir ki, həmin "seçkilər" münaqişənin dinc yolla tənzimlənməsi prosesinə ziyan vururonsuz da uzanmış status-kvonu təsbit etmək məqsədi güdür.

Bakıdakı bir sıra diplomatik missiyalar, o cümlədən İsrail, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri də qondarma "dqr"də qondarma "seçkilər"i tanımadıqlarını bəyan etmişlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin bu günlərdə qeyd etdiyi kimi, qondarma "prezident seçkiləri"ndə "müşahidəçilər" qismində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna gələcək bütün əcnəbi vətəndaşlar rəsmi Bakı tərəfindən "persona non-qrata" elan ediləcəklər.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.