ABŞ-ın Mayami şəhərində Ağdam rayonunun işğalının 19-cu ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir

 

ABŞ-ın Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Ağdam rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir.

Ölkəmizin Vaşinqtondakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin "Könlüm keçir Qarabağdan" adlı sərgisi nümayiş etdirilmişdir. ABŞ-ın zəngin incəsənət mühiti ilə səciyyələnən Mayami şəhərinin çoxsaylı etnik icmalarının üzvləri, o cümlədən türk, rus, yəhudi, rumın və Latın Amerikası ölkələrinin icma təşkilatlarının nümayəndələri, həmçinin Florida ştatının Brovord dairəsi şerifi ofisinin təmsilçiləri tədbirdə iştirak etmişlər.

Brovord dairəsi şerifinin müavini Şon Keysi bu cür tədbirlər vasitəsilə Florida ştatının rəsmilərinə Azərbaycan mənşəli icma ilə tanış olmaq imkanı verdiklərinə görə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasına minnətdarlığını bildirmişdir.

Assosiasiyanın rəhbəri Töhfə Eminova tədbirdə çıxış edərək Mayami-Deyd dairəsinin meri və idarə heyəti üzvləri adından floridalı azərbaycanlılara ünvanlanan təşəkkür məktubunu çatdırmışdır. Dairə meri Karlos Gimenez və idarə heyətinin sədri Co Martinezin adından göndərilən məktubda Azərbaycan mənşəli sakinlərə Mayami icmasının müxtəlifləşdirilməsinə verdikləri töhfəyə və qarşılıqlı mədəni anlaşmanın möhkəmləndirilməsində iştiraklarına görə minnətdarlıq edilmişdir. T.Eminova vurğulamışdır ki, Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası fəaliyyətində iki dost ölkə olan Azərbaycan və ABŞ arasında yeni körpülərin salınması üçün əlindən gələni əsirgəməyəcəkdir.

AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri Şəfəq Mehrəliyeva tədbirdə çıxış edərək bildirmişdir ki, Mayamidə təqdim edilən "Könlüm keçir Qarabağdan" sərgisi artıq altı dəfə müxtəlif ştatlarda nümayiş etdirilərək ABŞ-da yaşayan Azərbaycan icması üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan ilə ABŞ arasında strateji müttəfiqlik münasibətləri barədə danışan AzərTAc-ın müxbiri xatırlatmışdır ki, sentyabrın 11-də ABŞ-da terror aktları baş verdikdən dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev rəsmi Vaşinqton ilə əlaqə saxlayaraq qlobal terrorla mübarizədə ölkəsinin qeyd-şərtsiz köməyini təklif edən dövlətlərdən biri olmuşdur. Azərbaycan hərbçiləri amerikalı həmkarları ilə Kosovo, İraq, Əfqanıstanda çiyin-çiyinə dayanaraq beynəlxalq sülh və təhlükəsizliyin keşiyində durmuşlar. Azərbaycan  beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstana yüklərin daşınması üçün hava məkanından istifadəyə icazə vermişdir.  Bütün bunların səbəbi isə Azərbaycan hökuməti və xalqının regionalqlobal sabitlik və əmin-amanlığın insanlar üçün nə qədər zəruri olmasını bilməsidir. Artıq 23 ildir ki, Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlının doğma yurdlarına qayıtmaları ilə bağlı vəziyyət isə dəyişməz qalır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, NATO, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına Ermənistan məhəl qoymur.

Jurnalist qeyd etmişdir ki, iyulun 23-də Azərbaycan xalqı işğal altında olan daha bir rayonu - Ağdamın ermənilər tərəfindən zəbt edilməsinin 19 illiyini qeyd edəcəkdir. Ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış və yerlə-yeksan edilmiş Ağdam bu gün "ruhlar şəhəri", "Qafqazın Hirosiması" kimi tanınır. Ağdamın ürək ağrıdan videogörüntülərinə və fotolarına baxarkən Ermənistanın işğalçı və dağıdıcı siması aydın olur. Ş.Mehrəliyeva əlavə etmişdir ki, Qarabağın ABŞ-dan uzaqda yerləşməsi ilk baxışdan amerikalılara heç bir aidiyyətinin olmaması təsəvvürünü yaratsa da, Ermənistan və Azərbaycan arasında yaranan sülh daha sabit və təhlükəsiz Avropa bölgəsi deməkdir. Bu isə, öz növbəsində ABŞ-a daha güclü və etibarlı tərəfdaşlar verəcəkdir.

Anma tədbirində iştirakçılara Ağdam rayonunun işğalı, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan haqqında kitablar və müxtəlif materiallar paylanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.